İrfan Davudov Pakistan Prezidenti ilə görüşüb
Azərbaycanın Pakistanda yeni təyin olunmuş səfiri İrfan Davudov etimadnaməsini bu ölkənin Prezidenti Asif Əli Zərdariyə təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyi məlumat yayıb.
Etimadnamənin təqdim olunması mərasimindən sonra keçirilən görüşdə İrfan Davudov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Pakistan dövlətinin başçısına çatdırıb.
Asif Əli Zərdari səfiri yeni təyinatı münasibətilə təbrik edib, Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və öz salamlarını İlham Əliyevə çatdırmağı xahiş edib.
Pakistan Prezidenti iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. O, siyasi əlaqələrin iqtisadi əməkdaşlıqla möhkəmləndirilməsinin, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılmasının vacibliyini qeyd edib.
Asif Əli Zərdari enerji, regional bağlantılar və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib, müdafiə sənayesi sahəsində əldə olunan irəliləyişi alqışlayıb. Birbaşa hava əlaqələrinin turizmin inkişafına və xalqlar arasında təmasların genişlənməsinə töhfə verdiyini də vurğulayıb.
İrfan Davudov Pakistanda səfir təyin olunmasından şərəf duyduğunu bildirib. O, Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyədə saxlanılmasında hər iki ölkənin prezidentlərinin rolunu xüsusi qeyd edib.
Səfir Azərbaycanın və Pakistanın həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq müstəvidə bir-birini dəstəklədiyini vurğulayıb. O, Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bu ölkənin hökumətinə və xalqına təşəkkür edib.
Görüşdə, həmçinin iqtisadi-ticarət, qarşılıqlı investisiya, təhsil və turizm daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
19:45 12.10.2026
Oxunuş sayı: 57