Ingla International ETC Study in Uzbekistan ilə memorandum imzaladı
Ingla International Education & Training Center ilə Özbəkistan Ali Təhsil Nazirliyinin Qlobal Əməkdaşlıq Agentliyi arasında imzalanmış müqaviləyə əsasən, Ingla International ETC Study in Uzbekistan platformasının Azərbaycan üzrə rəsmi nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Crossmedia.az xəbər verir ki, bu əməkdaşlıq Azərbaycan və Özbəkistan arasında təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi, Özbəkistanın ali təhsil imkanlarının Azərbaycanda daha geniş şəkildə tanıdılması və Azərbaycanlı tələbələrin Özbəkistanda keyfiyyətli təhsilə çıxışının asanlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd etmək istərdik ki, Ingla International ETC-nin təşəbbüsü və təşkilatçılığı ilə ötən dövr ərzində Bakıda Özbəkistanın ali təhsil müəssisələrinin iştirakı ilə 3 böyük beynəlxalq təhsil sərgisi keçirilmişdir. Bu sərgilərdə 60-dan çox Özbəkistan universiteti və 100-dən artıq professor-müəllim heyəti iştirak etmişdir.
Keçirilən sərgilər Azərbaycan ictimaiyyətinin Özbəkistanda təhsil imkanlarına marağının əhəmiyyətli dərəcədə artmasına, tələbə və valideynlərin Özbəkistan universitetləri haqqında daha ətraflı məlumat əldə etməsinə və iki ölkənin təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulmasına mühüm töhfə vermişdir.
Yeni əməkdaşlıq çərçivəsində bu fəaliyyətlərin daha da genişləndirilməsi, Azərbaycanlı tələbə və valideynlər üçün Özbəkistanda təhsil imkanlarının daha əlçatan, şəffaf və etibarlı şəkildə təqdim edilməsi, eləcə də Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

10:52 26.08.2026
Oxunuş sayı: 54