Səudiyyə Ərəbistanı Paris yaxınlığında 6 milyard avroluq əyləncə kompleksi tikəcək
Səudiyyə Ərəbistanı Fransanın paytaxtı Paris yaxınlığında üç tematik parkın daxil olduğu nəhəng əyləncə kompleksi inşa etmək üçün 6 milyard avro sərmayə qoyacaq.
Crossmedia.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron açıqlayıb.
Makron və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Yelisey sarayında layihə ilə bağlı razılaşmanı rəsmiləşdirən sənədi imzalayıblar. Makronun sözlərinə görə, layihənin həyata keçirilməsi 22 min yeni iş yerinin yaradılmasına imkan verəcək.
Nəhəng kompleksə üç tematik parkla yanaşı, otellər, iaşə obyektləri, həmçinin gənc işçilər və tələbələr üçün yaşayış sahələri daxil olacaq.
Layihənin 1991-ci ildən fəaliyyət göstərməyən keçmiş “Mirapolis” əyləncə parkının ərazisində inşa edilməsi planlaşdırılır. Kompleksdə manqaya həsr olunmuş tematik parkın da yaradılması nəzərdə tutulur.
Layihə çərçivəsində biomüxtəlifliyin qorunması məqsədilə 50 min kvadratmetr yaşıllıq ərazinin salınacağı bildirilir. Tərtibatçılar layihəni ekoloji baxımdan “nümunəvi” etməyi və həm yerli ərazinin, həm də Fransanın turizm potensialının inkişafına töhfə verməyi planlaşdırırlar.
Kompleksin nə vaxt istifadəyə veriləcəyi ilə bağlı konkret tarix açıqlanmayıb.
Razılaşma Fransa ilə Səudiyyə Ərəbistanı arasında vəliəhd şahzadənin Parisə səfəri çərçivəsində imzalanan bir sıra sazişlərdən biridir.
06:42 26.08.2026
Oxunuş sayı: 43