Kiv: Azərbaycan İsrail və Türkiyə arasında gərginliyi azaltmağa çalışır
Azərbaycan İsrail və Türkiyə arasında yaranmış gərginliyin azaldılması üçün vasitəçilik etməyə çalışır.
Crossmedia.az xəbər verir ki, “Ynet” bu barədə məlumat yayıb.
Məlumata görə, vəziyyətlə tanış mənbə portalına bildirib ki, Bakıda Azərbaycanın müttəfiqləri olan İsrail və Türkiyə arasındakı gərginlikdən “çox narahatdırlar”.
Ynet yazır ki, ABŞ -də iki ölkə arasında gərginliyin azaldılması istiqamətində fəaliyyət göstərir. Lakin İsrailin ABŞ-nin Ankaradakı səfiri Tom Barraka etimad göstərmədiyi qeyd olunur.
Barrakın son açıqlamaları İsrailin müdafiə naziri İsrael Katsın sərt reaksiyasına səbəb olub. Portalın məlumatına görə, hər iki ölkənin etimad etdiyi diplomatik fiqur kimi Azərbaycan önə çıxır. Bildirilir ki, Bakı daha əvvəl də ölkələr arasındakı fikir ayrılıqlarının aradan qaldırılmasında rol oynayıb.
Ynet xatırladır ki, təxminən bir il əvvəl İsrail və Türkiyə arasında birbaşa dialoqu məhz Azərbaycan təşəbbüs edib. Həmin vaxt Türkiyə nümayəndə heyətinə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, İsrail nümayəndə heyətinə isə o dövrdə Milli Təhlükəsizlik Şurasının rəhbəri olan Tsaxi Hanegbi başçılıq edib.
Tərəflərin Bakıda keçirdiyi görüşlər nəticəsində İsrail və Türkiyənin Suriya məsələsi üzrə operativ koordinasiya mexanizmi yaratması barədə razılıq əldə olunub.
19:20 23.08.2026
Oxunuş sayı: 56