Müstəmləkəçiliyə qarşı mübarizə: Azərbaycanın beynəlxalq diplomatiyada təşəbbüskar mövqeyi güclənir
Bakıda Belçikanın müstəmləkəçilik siyasətinin nəticələri, bu siyasətin xalqların taleyinə vurduğu uzunmüddətli zərər və tarixi ədalətin bərpası məsələləri müzakirə olunub. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda məsələnin beynəlxalq hüquq və qlobal ədalət aspektləri diqqət mərkəzində olub.
Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-a açıqlamasında konfransın əhəmiyyətindən danışıb:
“Bakıda Belçikanın müstəmləkəçilik siyasətinin nəticələrinin, xalqların taleyinə vurduğu uzunmüddətli zərərin və tarixi ədalətin bərpası məsələlərinin müzakirəsi bu problemin növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Deputatın sözlərinə görə, konfrans Azərbaycanın qlobal siyasi gündəmdə mühüm məsələlərin müzakirəsinə verdiyi töhfənin növbəti nümunəsidir:
“Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans həm də Azərbaycanın qlobal siyasi gündəmdə mühüm məsələlərin müzakirəsinə verdiyi töhfənin növbəti nümunəsidir. BMT nümayəndələrinin tədbirə qatılması müzakirələrin beynəlxalq hüquq və qlobal ədalət kontekstində əhəmiyyətini artıran mühüm faktordur”.
K.Nurullayeva bildirib ki, konfransda tarixi məsələlərin müasir beynəlxalq münasibətlər və beynəlxalq hüquq müstəvisində nəzərdən keçirilməsi xüsusi əhəmiyyət daşıyır:
“Bakıda keçirilən konfransın əsas xüsusiyyətlərindən biri də məhz bu tarixi məsələlərin müasir beynəlxalq münasibətlər və beynəlxalq hüquq müstəvisində nəzərdən keçirilməsidir”.
Azərbaycanın bu mövzuları beynəlxalq platformalarda gündəmə gətirməsinin tarixi həqiqətlərin daha geniş müzakirəsinə imkan verdiyini deyən deputat beynəlxalq hüququn fundamental prinsiplərinin qorunmasının vacibliyini vurğulayıb:
“Azərbaycanın müstəmləkəçilik siyasətinin nəticələrini beynəlxalq platformalarda gündəmə gətirməsi ilk növbədə tarixi həqiqətlərin müxtəlif xalqların iştirakı ilə daha geniş müzakirə edilməsinə imkan yaradır. Bu yanaşma beynəlxalq hüququn fundamental prinsiplərinin, yəni suverenlik, ərazi bütövlüyü və insan hüquqlarına hörmət prinsiplərinin müdafiəsi ilə bilavasitə bağlıdır”.
Deputat Azərbaycanın uzun illər ərazi işğalı və separatizm problemi ilə üzləşdiyini xatırladaraq beynəlxalq hüquq normalarının bütün dövlətlərə eyni şəkildə tətbiq edilməsinin tərəfdarı olduğunu bildirib:
“Uzun illər ərzində ərazi işğalı və separatizm problemi ilə üzləşən Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinin bütün dövlətlərə münasibətdə eyni şəkildə tətbiq olunmasının tərəfdarıdır. Bu baxımdan dünyanın müxtəlif regionlarında xalqların hüquqlarının pozulması və müstəmləkəçilik siyasətinin nəticələrinin davam etməsi məsələlərinin gündəmə gətirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir”.
K.Nurullayeva tarixi ədalətin bərpası üçün zərərçəkmiş xalqların hüquqlarının tanınmasının vacibliyini də diqqətə çatdırıb:
“Burada əsas məsələ tarixi həqiqətlərin obyektiv şəkildə araşdırılması, zərərçəkmiş xalqların hüquqlarının tanınması və gələcəkdə oxşar halların təkrarlanmaması üçün beynəlxalq mexanizmlərin gücləndirilməsidir”.
Deputat bu prosesdə Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
“Qrupun təşkil etdiyi beynəlxalq tədbirlər müxtəlif regionlarda müstəmləkəçilik və neokolonializm problemi ilə üzləşən tərəflərin öz mövqelərini beynəlxalq ictimaiyyətə çatdırmasına şərait yaradır”.
K.Nurullayeva bildirib ki, müxtəlif ölkələrdən nümayəndələrin eyni platformada bir araya gətirilməsi ortaq problemlərin müəyyənləşdirilməsi baxımından mühüm imkan yaradır:
“Bakı Təşəbbüs Qrupunun əsas töhfələrindən biri müxtəlif ölkələrdən və siyasi coğrafiyalardan olan nümayəndələri eyni platformada bir araya gətirməsidir. Bu cür dialoq imkanları müstəmləkəçilik təcrübələrinin müqayisəli şəkildə araşdırılmasına, ortaq problemlərin müəyyənləşdirilməsinə və onların həlli yollarının müzakirəsinə imkan verir”.
Deputatın fikrincə, bu cür təşəbbüslər Azərbaycanın beynəlxalq diplomatiyada təşəbbüskar mövqeyini də gücləndirir:
“Eyni zamanda bu fəaliyyət Azərbaycanın beynəlxalq diplomatiyada təşəbbüskar mövqeyini gücləndirir. Rəsmi Bakı qlobal problemlərin, xüsusilə beynəlxalq hüquq, suverenlik və tarixi ədalət məsələlərinin müzakirə olunduğu mühüm platforma kimi çıxış edir”.

Konfransda reparasiya və təzminat məsələsinin gündəmə gətirilməsi də diqqət çəkən məqamlardan biri olub:
“Konfransın gündəliyində reparasiya və təzminat məsələsinin yer alması da təsadüfi deyil. Müstəmləkəçilikdən zərər çəkmiş xalqlar üçün tarixi ədalətin bərpası vurulmuş zərərin hüquqi, siyasi, sosial və iqtisadi nəticələrinin araşdırılması, zərərçəkənlərin tələblərinin beynəlxalq hüquq çərçivəsində nəzərdən keçirilməsi məsələsini də ön plana çıxarır”.
K.Nurullayeva sonda qeyd edib ki, bu istiqamətdə aparılan müzakirələr Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyinin daha geniş auditoriyaya çatdırılmasına imkan verir:
“Bu xüsusda Bakıda keçirilən konfrans tarixi ədalət, beynəlxalq hüquq, reparasiya və neokolonializm kimi məsələlərin qlobal gündəmdə saxlanılması baxımından daha geniş əhəmiyyət daşıyır”.
Nigar Xəlilli
18:00 22.08.2026
Oxunuş sayı: 67