Azərbaycanı hədəfə almaq təhlükəli oyundur – İrana xəbərdarlıq
Azərbaycan və İran arasında media müstəvisində yeni gərginlik yaranıb. İranın Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media qurumları" siyahısına salmasına cavab olaraq MEDİA Agentliyi qarşılıqlılıq prinsipini əsas gətirərək İranın "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin Azərbaycandakı fəaliyyətini qanunsuz elan edib. Azərbaycan mediasına qarşı atılan addım iki ölkə arasında informasiya müstəvisində yeni mərhələ yaradıb.

Məsələ ilə bağlı “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri Crossmedia.az-a açıqlamasında bildirib ki, Tehran Azərbaycana qarşı düşəmənçiliyə son qoymalıdır:
"İranın AZTV-ni “düşmən media” siyahısına salması Azərbaycana qarşı qərəzli siyasətin növbəti təzahürüdür. Danılmaz həqiqətdir ki, Azərbaycan hər zaman yaxın və uzaq qonşuları ilə münasibətlərində xoşməramlılığa, qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa üstünlük verib və bu prinsipə bu gün də sadiqdir. İran İslam Respublikası ilə münasibətlər də məhz bu yanaşma əsasında qurulub. Rəsmi Bakının siyasətində hər hansı gizli gündəm və ya ikili standart yoxdur”.
Siyasi şərhçi qeyd edib ki, təəssüf doğuran məqam odur ki, Azərbaycanın bütün xoş niyyətinə baxmayaraq, zaman-zaman İran tərəfindən ölkəmizə münasibətdə eyni yanaşma müşahidə olunmur:
“İranın ayrı-ayrı rəsmi dairələrinə yaxın media qurumları, bəzi keçmiş və indiki rəsmilər, eləcə də müxtəlif anti-Azərbaycan dairələr mütəmadi olaraq ölkəmizə qarşı əsassız ittihamlar, hədyanlar və qərəzli fikirlər səsləndirirlər. Görünür, İran adlı ölkədə bəzi dairələr Azərbaycana qarşı düşmənçilik edərək fəaliyyət göstərməyi özlərinə əsas məşğuliyyət hesab edirlər. Elə İranın Kəşfiyyat Nazirliyinin “İrana düşmən olan media qurumları” siyahısına AzTV-ni də daxil etməsi deyilənlərin növbəti əyani sübutudur. Hesab edirəm ki, bu addım təkcə bir media qurumuna deyil, bütövlükdə Azərbaycanın informasiya məkanına qarşı yönəlmiş növbəti qərəzli addımdır və cavabsız qala bilməzdi. MEDİA Agentliyinin bəyanatında vurğulandığı kimi, Azərbaycan Respublikası jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir. Belə ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər. Məhz müvafiq maddənin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan Respublikasının milli maraqlarına zidd fəaliyyət göstərən, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin - “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti qanunsuz hesab edilir. Hesab edirəm ki, MEDİA Agentliyinin bu addımı vaxtından verilmiş adekvat cavabdır və yalnız alqışlanmalıdır”.
Nadir Azəri qonşu dövlətdə ölkəmizə dil uzadan, Azərbaycana qarşı addımlar atanlara səslənərək, onları düşmən addımlardan əl çəkməyə səsləyib: “Mən İran tərəfinə, daha doğrusu, İrandakı anti-Azərbaycan ünsürlərə tövsiyə edərdim ki, emosiyalarla deyil, sağlam düşüncə ilə hərəkət etsinlər. Azərbaycanı hədəfə almaqla onlar heç nəyə nail olmurlar, əksinə, özlərini daha da çıxılmaz vəziyyətə salırlar. Heç olmasa, Azərbaycanın İsrail–ABŞ və İran arasında yaşanan gərginlik dövründə nümayiş etdirdiyi məsuliyyətli və beynəlxalq hüquqa söykənən mövqeni xatırlayıb müəyyən nəticə çıxarmalı, bundan utanc hissi keçirməlidirlər. Düşünürəm ki, bütün bunlara rəğmən Azərbaycan Televiziyasını hədəfə almaq İranın özünə süni şəkildə yeni düşmənlər axtarmasının bariz nümunəsidir. Azərbaycana qarşı bu cür əsassız ittihamlar, hədələr və həyasız addımlar qəbuledilməzdir. Yuxarıda qeyd etdiyimiz kimi, MEDİA Agentliyi məsələ ilə bağlı öz prinsipial mövqeyini ortaya qoyaraq adekvat cavab verib. Hər kəs, o cümlədən İrandakı Azərbaycan düşmənləri bilsinlər ki, bundan sonra da ölkəmiz milli maraqlarını, media azadlığını və jurnalistlərinin hüquqlarını qətiyyətlə müdafiə edəcək”.
Məhəbbət Tərlanoğlu
10:30 28.07.2026
Oxunuş sayı: 119