TÜRKPA: ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Azərbaycan qarşı bir sıra iddiaları özündə əks etdirən düzəlişi Azərbaycan-Ermənistan arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addım kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bunu TÜRKPA-nın Baş katibi Ramil Həsənin bəyanatında bildirib.
Qeyd edilib ki, TÜRKPA bu təşəbbüsün Azərbaycan ilə Ermənistan arasında Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və sülh quruculuğu istiqamətində fəal prosesin davam etdiyi bir dövrdə irəli sürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib:
"Bu kimi mühüm və həssas məsələlərə dair qanunvericilik qərarları faktların obyektiv qiymətləndirilməsinə və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı, ayrı-ayrı lobbi qruplarının maraqları ilə formalaşdırılmamalıdır. TÜRKPA qanunverici orqanları Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addımlardan çəkinməyə çağırır".
Qeyd edilib ki, TÜRKPA bir daha bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, eləcə də mehriban qonşuluq prinsiplərinə sadiqliyini təsdiq edir.
12:04 25.07.2026
Oxunuş sayı: 54