Bakı Qızlar Universitetinin bağlanmasının səbəbi açıqlandı
Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki"nə uyğun olaraq, 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təhsil" ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, qəbul edilmiş qərarlara əsasən, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universiteti növbəti 5 il, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universiteti isə növbəti 3 il müddətinə institusional akkreditasiya olunmuş hesab edilib.
Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi "uyğun deyil" olaraq qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub. Bütün bunların ölkəmiz təhsil sisteminə təsiri barədə Azərbaycan Gənc Alim, Doktorant və
Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Crossmedia.az-a açıqlama verib:

"Öncəliklə qeyd edim ki, Akkreditasiya Şurasının bu son qərarları Azərbaycanın ali təhsil sistemində keyfiyyətə nəzarət və hesabatlılıq mexanizmlərinin artıq formal xarakter daşımadığını, real və təsirli bir alətə çevrildiyini göstərən ciddi bir yanaşmanın təzahürüdür. Bu addım, təbii ki, həm müsbət gözləntiləri, həm də sistemdaxili riskləri özündə ehtiva edir. Ümumilikdə, ölkə təhsili üçün bu qərarların əhəmiyyətini bir neçə konseptual müstəvidən şərh etmək olar.
İlk növbədə “toxunulmaz universitet” anlayışının aradan qalxmasını qeyd etmək lazımdır".
Ekspert qeyd edib ki, Bakı Qızlar Universitetinin institusional akkreditasiyadan keçə bilməməsi, yəni “uyğun deyil” qiyməti alması Azərbaycan təhsil idarəçiliyində keyfiyyət standartlarının güzəştsiz tətbiq olunduğunu nümayiş etdirir: "Bu qərar digər özəl və dövlət ali təhsil müəssisələrinə bir mesajdır ki, maddi-texniki baza, akademik heyətin keyfiyyəti və tədrisin təşkili dövlət standartlarına cavab vermədikdə, fəaliyyətin məhdudlaşdırılması və ya lisenziyanın ləğvi kimi ciddi hüquqi nəticələr qaçılmazdır.
Eyni zamanda, Şuranın universitetlərə fərqli müddətlərə-4 universitetə 5 illik, 2 universitetə isə 3 illik akkreditasiya verməsi sistemdə “bərabərpayçılıq” prinsipindən imtina edildiyini göstərir. 5 illik akkreditasiya alan universitetlər idarəetmə və tədris keyfiyyətini sabit saxlayan nümunələr ortaya qoyurlar. Gerçəkdən də, həmin universitetlərdə son illərdə ciddi irəliləyişlər müşahidə edirik. Qeyd etdiyim ali təhsil müəssisələrinin məhz keyfiyyət məsələlərinə önəm verməsi göz önündədir və mən bunu çox müsbət qiymətləndirirəm.
3 illik akkreditasiya alan universitetlər üçün-məsələn, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universiteti üçün-bu qərarlar bir növ ciddi xəbərdarlıqdır. Dövlət onlara sistemli islahatlar aparmaq və çatışmazlıqları aradan qaldırmaq üçün 3 illik müddət tanıyır. Hesab edirəm ki, onlar da keyfiyyətin təmin olunması istiqamətində lazımi işləri görməlidirlər.
Regional universitetlərdən Mingəçevir Dövlət Universiteti və Azərbaycan Kooperasiya Universitetinin 5 illik tam akkreditasiya alması isə region ali məktəblərinin potensialının artırılması yönündə aparılan islahatların bəhrəsidir".
İ. Orucov əlavə edib ki, bu, paytaxta axının qarşısını almaq və regionlarda keyfiyyətli kadr hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir: "16 ali təhsil müəssisəsində məhz İbtidai sinif müəllimliyi və Məktəbəqədər təlim və tərbiyə ixtisasları üzrə proqram akkreditasiyasının müzakirə edilməsi təhsilin təməlinə yönəlmiş addımdır. Erkən yaş və ibtidai təhsil səviyyəsində müəllim yetişdirən proqramların yoxlanılması gələcəkdə orta məktəblərə gələn kadrların keyfiyyətini birbaşa sığortalamış olur. Proqram akkreditasiyası universitetin bütövlüklə deyil, konkret ixtisaslar üzrə standartlara cavab verib-vermədiyini ölçür ki, bu da rəqabəti artırır.
Ümumilikdə, Nazirlər Kabinetinin 167 nömrəli qərarına əsasən, akkreditasiyadan keçməyənlərin fəaliyyəti təkmilləşdirilməli, növbəti qiymətləndirmə zamanı yenə uyğunsuzluq aşkar olunarsa, onların fəaliyyəti ciddi sual altına düşməlidir. Nazirlər Kabinetinin bu tələbləri hansı universitetlərin keyfiyyətli təhsil verdiyini aydın göstərən bir meyardır.
Bu mənada hesab edirəm ki, universitetlər hər zaman öz üzərlərində çalışmalı, inkişafla bağlı strateji yanaşmalar ortaya qoymalıdırlar. Bir daha qeyd edirəm, akkreditasiya müddəti maksimal 5 ildir və bu, çox böyük bir vaxt deyil. Bu o deməkdir ki, hansısa universitet əvvəlki uğurlarına arxalanıb növbəti mərhələlərdə təhsilin keyfiyyəti, infrastrukturu və ümumilikdə ali təhsil ekosistemi ilə bağlı düzgün yanaşma tətbiq etməzsə, eyni nəticə ilə üzləşə bilər.
Bu yanaşma cəza kimi deyil, keyfiyyətə doğru atılmış doğru addım kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, bütün bu işlər universitetlərimizin inkişafı naminə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir".
Turqut Ansari
20:50 24.07.2026
Oxunuş sayı: 62