Araşdırma: Televiziya qarşısında uzun vaxt keçirmək beyni kiçildə bilər
ABŞ-də aparılan uzunmüddətli araşdırma göstərib ki, orta yaş dövründə uzun saatlar televiziya izləyən insanlarda illər sonra beynin yaddaşla əlaqəli hissələrində kiçilmə müşahidə oluna bilər.
Crossmedia.az xəbər verir ki, "CNN Türk" bu barədə məlumat yayıb.
Araşdırma Cənubi Kaliforniya Universitetinin alimləri tərəfindən aparılıb. Yaş ortalaması 53 olan təxminən 1700 nəfərin televiziya izləmə vərdişləri öyrənilib və təxminən 20 il sonra onların beyin MRT görüntüləri müqayisə edilib.
Nəticələrə əsasən, televiziya qarşısında çox vaxt keçirən şəxslərdə yaddaşla əlaqəli beyin sahələrinin həcmi daha kiçik olub. Həmçinin frontal və oksipital paylarda kiçilmə, ağ maddədə isə daha çox zədələnmə əlamətləri qeydə alınıb.
Araşdırmanın müəlliflərindən, Cənubi Kaliforniya Universitetinin professoru Devid Rayxlen bildirib ki, təkcə uzun müddət oturmaq deyil, həmin vaxt hansı fəaliyyətlə məşğul olmaq da beyin sağlamlığına ciddi təsir göstərir.
Maraqlıdır ki, iş səbəbindən uzun müddət masa arxasında oturan şəxslərdə eyni dəyişikliklər müşahidə edilməyib. Alimlər hesab edirlər ki, problem həll etmə, diqqət və zehni fəaliyyət tələb edən işlər passiv televiziya izləməkdən fərqli təsir göstərir.
Araşdırmada qeyd olunur ki, bu dəyişikliklər kişilərdə daha qabarıq müşahidə edilib. Bununla belə, alimlər nəticələrin televiziya izləmə müddətinin iştirakçıların öz bəyanatlarına əsaslanması və tədqiqatın əvvəlində MRT görüntülərinin olmaması səbəbindən ehtiyatla qiymətləndirilməli olduğunu vurğulayıblar.
Mütəxəssislər orta yaş dövründə televiziya qarşısında keçirilən vaxtın azaldılmasını və zehni fəallıq tələb edən məşğuliyyətlərə üstünlük verilməsini tövsiyə edirlər.
13:49 23.07.2026
Oxunuş sayı: 15