Xaricdəki siyasi mühacirlər Azərbaycana gətirilir?: Araşdırma aparılmalıdır, sonra isə…
Son zamanlar xaricdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana qarşı səsləndirdikləri təhqiramiz ifadələr və dövlət əleyhinə fəaliyyətləri ilə gündəmə gəlirlər. Onların hüquqi məsuliyyətə cəlb olunması və ölkəyə qaytarılmasının mümkün olub-olmaması da ictimai müzakirə mövzusuna çevrilib. Bununla yanaşı, bu cür əməllərə yol verən şəxslərlə xaricdə yaşayan bütün azərbaycanlıları eyniləşdirmək düzgün hesab olunmur.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı hər mühacirə "vətən xaini" deməyin doğru olmadığını vurğulayıb:
"Təbii ki, vətənə xəyanət edənlər də var, vətənini sevənlər də, məcburiyyətdən gedənlər də. Düşünürəm ki, bu məsələdə dövlətin də görməli olduğu işlər var. Əvvəla, araşdırma aparılmalıdır ki, bu insanlar niyə mühacirət edir və yaxud da mühacirət etdikdən sonra niyə dövlətə, iqtidara, xalqın siyasi dəyərlərinə qarşı belə sərt mövqe tuturlar, tənqid edirlər. Dövlətin özündə də, iqtidarın özündə də bir təftiş aparılmalıdır. Eyni zamanda, təbii ki, mühacirlər də özlərində bir təftiş aparmalıdırlar ki, bu proseslər hara gedir. Gətirilməsi isə tam hüquqi prosesdir. Gətirilənlər də var, gətiriləcək olanlar da var, gətirilməyəcəklər də olacaq. Həmçinin məsələnin texniki tərəfləri də var”.
Müsahibimizin sözlərinə görə, məsələnin kökünə enmək lazımdır ki, bu insanlar niyə gedir, səbəb nədir: “Bu səbəbləri aradan qaldırmaq istiqamətində addımlar atılmalıdır. Siyasəti daha çox qütbləşdirəndə düşmənlər yaranır. Biz çalışmalıyıq rəqabət yaradaq. Mən iqtidarın fikirləri ilə razı olmaya bilərəm, iqtidarın ayrı-ayrı kadrları ilə razı olmaya bilərəm. Amma iqtidara düşmən kimi yox, rəqib kimi baxmalıyam. İqtidar da mənə düşmən kimi yox, rəqib kimi baxmalıdır. Yanaşma belə olmalıdır".
Turqut Ansari
13:00 22.07.2026
Oxunuş sayı: 64