Kanadadakı diaspor təşkilatımız “İcma təsiri mükafatı”na layiq görülüb
Kanadada fəaliyyət göstərən Recayna Azərbaycan Mədəniyyət Assosiasiyası “Qadın və uğur” biznes mükafatları” (“She & Success Business Awards”) proqramının “İcma təsiri mükafatı”na (Community Impact Award) layiq görülüb.
Bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən Crossmedia.az-a məlumatda verilib.
Assosiasiya Kanada cəmiyyətində Azərbaycan diasporunun birliyinin möhkəmləndirilməsi, müxtəlif etnik və mədəni icmalar arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, multikultural dəyərlərin təşviqi və Azərbaycan mədəniyyətinin, tarixinin və milli irsinin Kanada ictimaiyyətinə tanıdılması istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətinə görə təltif olunub.
Recayna Azərbaycan Mədəniyyət Assosiasiyası bu mühüm uğurun əldə olunmasında əməyi keçən bütün soydaşlarımıza, tədbirlərin həyata keçirilməsində fəallıq göstərən könüllülərə, icma tərəfdaşlarına, dost təşkilatlara və ailələrə minnətdarlıq edib. Assosiasiyadan bildirilib ki, birgə səylər nəticəsində fərqli mədəniyyətlər arasında möhkəm körpülər qurulub, qarşılıqlı hörmətə əsaslanan əlaqələr inkişaf etdirilib və insanların bir-birini daha yaxından tanıyıb öyrənə biləcəyi inklüziv mühit formalaşdırılıb.
Assosiasiya bu nominasiyaya görə “She & Success Business Awards”a təşəkkürünü ifadə edib, öz icmalarında müsbət dəyişikliklər yaradan fərd və təşkilatların fəaliyyətinin dəyərləndirilməsinin cəmiyyətin inkişafına mühüm töhfə verdiyini bildirib.
15:32 29.06.2026
Oxunuş sayı: 40