Fransanın ikili siyasəti: Sülh bəyanatları fonunda Azərbaycana qarşı yeni təzyiq cəhdləri
Azərbaycan və
Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişlərə
baxmayaraq, Fransa siyasi dairələrinin Azərbaycana qarşı səsləndirdiyi
ittihamlar və birtərəfli mövqeyi yenidən müzakirələrə səbəb olub. Fransa Milli
Assambleyası üzvlərinin təşəbbüsü ilə qaldırılan suallara cavab olaraq, ölkənin
Avropa və Xarici İşlər Nazirliyi tərəfindən 23 iyun tarixində parlamentin rəsmi
internet səhifəsində dərc edilən açıqlamalarda “Dağlıq Qarabağdan köçürülmüş
ermənilər”, “erməni məhbuslarının azad edilməsi”, “erməni dini və mədəni
irsinin qorunması”, “Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları” və
“Azərbaycanda insan hüquqları” kimi mövzular ön plana çıxarılıb. Azərbaycan
Xarici İşlər Nazirliyi isə həmin cavabları qətiyyətlə pisləyərək, onları əsassız,
qərəzli və reallığı əks etdirməyən mövqe kimi qiymətləndirib. Rəsmi Bakı hesab
edir ki, bu yanaşma Ermənistanın uzun illər davam edən işğal siyasətinin nəticələrini,
bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün taleyini, mina təhlükəsini,
dağıdılmış şəhər və kəndləri, eləcə də Azərbaycanın məhv edilmiş mədəni və dini
irsini tamamilə görməzlikdən gəlir.
Müşahidəçilərin
fikrincə, son illər Fransanın Cənubi Qafqaz siyasətində vasitəçi mövqeyindən
daha çox Ermənistanı açıq şəkildə dəstəkləyən xətt üstünlük təşkil edir. Paris
bir tərəfdən Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan
etsə də, digər tərəfdən keçmiş münaqişə dövrünə aid terminologiyanı və
yanaşmaları siyasi gündəmdə saxlamağa davam edir. Bu isə Fransanın obyektiv
vasitəçi statusuna dair sualları daha da artırır və normallaşma prosesinə
etimad mühitinə mənfi təsir göstərdiyi barədə fikirləri gücləndirir.
Bəs normallaşma prosesinin həssas mərhələsində Fransanın Azərbaycana qarşı bu cür addımlar atmasını necə qiymətləndirmək olar? Parisin məqsədi həqiqətən insan hüquqları və sülh prosesinə dəstək verməkdir, yoxsa bu siyasətin arxasında Cənubi Qafqazda geosiyasi təsir imkanlarını qorumaq, Ermənistanı siyasi və hərbi baxımdan dəstəkləmək, eləcə də regionda yeni təsir rıçaqları formalaşdırmaq niyyəti dayanır? Bu suallar hazırda həm siyasi ekspertlər, həm də beynəlxalq münasibətlər üzrə mütəxəssislər arasında geniş müzakirə olunur.
Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc Crossmedia.az-a müsahibə verib:

- AŞPA-nın 24 iyun tarixli müzakirələrini və qəbul etdiyi qətnaməni, eləcə də Frank Şvabenin çıxışını necə qiymətləndirirsiniz? Bu çıxışın hüquqi və siyasi baxımdan hansı problemləri var?
- 24 iyun 2026-cı ildə Avropa Şurası Parlament Assambleyasında “Azərbaycanda tənqidi səslərin susdurulması” adı altında keçirilən müzakirələr və qəbul olunan qətnamə bir daha göstərdi ki, AŞPA-nın müəyyən siyasi qrupları insan haqlarını universal dəyərdən geosiyasi təzyiq vasitəsinə, siyasi silaha çevirməkdə davam edirlər. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısıdır və hüquqi öhdəliklərini yaxşı bilir. Lakin sübut olunmamış məlumatların qəti hökm kimi təqdim edilməsi, ölkəmizə qarşı seçici yanaşma və beynəlxalq təşkilatların daxili siyasi mübarizənin tribunasına çevrilməsi qəbuledilməzdir. AŞPA-nın 24 iyun müzakirəsində xüsusilə Almaniya Bundestaqının üzvü, Sosial Demokrat Partiyasının nümayəndəsi Frank Şvabenin çıxışı hüquqi qiymətləndirmədən daha çox siyasi ittiham aktını xatırladırdı. Almaniyalı deputat konkret hüquqi və faktoloji əsaslandırma təqdim etmədən bildirdi ki, onun rejim təsviri Azərbaycandakı reallığı əks etdirir. O, dövlətin öz əhalisini qorxutmaq və nəzarətdə saxlamaq üçün kəşfiyyatdan, polisdən, hətta ordudan yararlandığını iddia etdi. Burada ən sadə sual yaranır: Azərbaycan Ordusu nə vaxt ölkədaxili siyasi prosesə müdaxilə edib? Şvabe konkret tarix göstərmir, ünvanlı hərbi hissənin adını çəkmir, əməliyyat, əmr və ya hadisə təqdim etmir, bir nəfər şahid, hüquqi sənəd və ya müstəqil araşdırma ortaya qoya bilmir. Azərbaycan Ordusu 2020-ci ildə torpaqlarımızı işğaldan azad edib. 2023-cü ildə dövlətimizin bütün ərazisində suverenliyi bərpa edib. İndi həmin Ordu azad olunmuş ərazilərdə təhlükəsizliyin, sərhədlərin və dinc quruculuğun təminatçısıdır. Azərbaycan Ordusunun Vətən müharibəsindəki Qələbəsini öz siyasi məğlubiyyətləri kimi qəbul edən dairələr indi onu ölkədaxili repressiya aləti kimi təqdim etməyə çalışırlar. Çünki onlar yaxşı bilirlər: güclü Ordu, suveren dövlət və milli birlik Azərbaycanın xarici təzyiqlər qarşısında əsas dayaqlarıdır. Əli Kərimliyə süni siyasi nəfəs vermək və əsas alternativ qüvvə mənzərəsini yaratmaq cəhdləri uzun illər Brüsseldən idarə olunan hakimiyyət uğrunda mübarizə ssenarisidir. İndi Ukraynada milyonların faciəsinə səbəb olunan ssenarilər Qərbin rejim dəyişdirmə əməliyyatının tərkib hissəsidir. Lakin onu ərazi bütövlüyünü təmin edən bir ölkədə ən zəif partiya üzərindən həyata keçirməyə Ermənistanın revanşist qüvvələri də nail ola bilmir. AŞPA deputatlarından dünən qətnamə lehinə çıxış edənlər 90-cı illərin Moskva, İrəvan, Vaşinqton və Paris siyasi binalarında işğalla bağlı çıxış edən siyasətçiləri xatırladırdı.
Frank Şvabe çıxışında Əli Kərimlinin Fransa televiziyasına müsahibəsindən sonra cəzalandırıldığını və hazırda həbsdə işgəncəyə məruz qaldığını bildirdi. Diqqət edin: o, “belə bir iddia var”, “məlumat araşdırılmalıdır” demədi. Heç bir məhkəmə qərarı, tibbi rəy, penitensiar yoxlama sənədi və ya müstəqil ekspertiza təqdim etmədən işgəncə iddiasını qəti fakt kimi səsləndirdi. İnsan hüquqlarını müdafiə etdiyini söyləyən bir siyasətçi sübut standartlarını daha yüksək tutmalıdır. Çünki işgəncə ağır cinayət ittihamıdır. Belə deklarativ bəyanatlar siyasi rəğbətə, sosial şəbəkə paylaşımlarına və ya maraqlı tərəfin məlumatlarına əsasən hökm şəklində irəli sürülə bilməz. Şvabe üçüncü Reyxin Gestapo dili ilə danışır, istintaqçı, prokuror, hakim və ekspert funksiyalarını eyni anda öz üzərinə götürərək Strasburq tribunasından hökm elan edir. Faşizm dövrünün üslubu XXI əsrdə hüququn aliliyi sayıla bilməz. Şvabenin siyasi mövqeyi hüquqi terminlərə bürünsə də məqsədini gizlədə bilmir.
- AŞPA sənədlərinin hazırlanmasında istifadə olunan məlumat mənbələri, Azərbaycan nümayəndə heyətinin prosesdən kənarda saxlanılması və təşkilatın ölkəmizə münasibəti barədə nə deyə bilərsiniz?
- AŞPA sənədlərinin hazırlanmasında istifadə edilən məlumatların mühüm hissəsi Azərbaycandakı narazı siyasi qrupların, xaricdə fəaliyyət göstərən media platformalarının və bir-biri ilə əlaqəli qərəzli hüquq təşkilatlarının hesabatlarına əsaslanır. Eyni məlumat əvvəlcə yerli siyasi fəallar tərəfindən sosial mediada yayılır. Daha sonra xaricdə yerləşən media qurumu onu xəbər kimi təqdim edir. Ardınca beynəlxalq təşkilatlar həmin xəbərə istinad edir. Nəhayət, AŞPA-da deputatlar yerli istinadları “beynəlxalq mənbə tərəfindən təsdiqlənmiş fakt” kimi səsləndirirlər. Beləliklə, eyni ilkin iddia bir neçə dəfə dövrəyə buraxılaraq çoxsaylı müstəqil mənbələrin görüntüsünü yaradır. Mənbələrin sayının çoxluğu sübutların müstəqilliyi demək deyil. Əgər bütün məlumatlar eyni siyasi dairədən qaynaqlanırsa, burada müxtəlif təsdiqləyici mənbələr sayıla bilməz, bir məlumat zəncirinin təkrarından söhbət gedir.
Şvabe çıxışında bir sıra media qurumlarının adlarını sadaladı. Lakin adların çoxluğunu faktların sübutu kimi təqdim etmək olmaz. Hər bir iş ayrıca araşdırılmalı, ittihamların hüquqi əsası fərdi qaydada qiymətləndirilməlidir. Media fəaliyyəti heç kəsə cinayət qanunvericiliyindən kənarda qalmaq imtiyazı vermir. Eyni zamanda, jurnalist fəaliyyəti də əsassız təqib üçün bəhanəyə çevrilməməlidir. Şvabenin çıxışında isə bu hüquqi fərqləndirmə yoxdur: müxtəlif cinayət işləri, fərqli şəxslər vahid “repressiya siyahısı”na çevrilir. Azərbaycansız təktərəfli müzakirələr – monoloq demokratiya dilidir AŞPA-nın Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan ölkəmiz haqqında qətnamə qəbul etməsi formal prosedur baxımından mümkün ola bilər. Lakin hüquqi qaydaların mövcudluğu müzakirəni avtomatik olaraq obyektiv etmir. 2024-cü ilin yanvarında məhz Frank Şvabe Azərbaycan nümayəndə heyətinin etimadnaməsinə etirazın önündə gedirdi. Məqsəd aydındır: qalib Azərbaycanın əsaslı arqumentlərindən qorunmaq. Azərbaycan parlamenti haqlı olaraq 2025 və 2026-cı illərdə AŞPA-ya nümayəndə heyətinin etimadnaməsini təqdim etmədi. Əvvəlcə tərəflərdən biri siyasi prosesdən kənarlaşdırılır, sonra hökm çıxarılır. Məhkəmə bir tərəfi dinləmədən iclas keçirə bilər, lakin belə iclas ədalətli sayılmaz. Məruzəçi özü Azərbaycana faktaraşdırıcı səfər edə bilmədiyini etiraf edir. Deməli, çıxış mətni yerində araşdırmaya, dövlət qurumları ilə birbaşa dialoqa söykənmir. AŞPA həqiqətən dialoq istəyirsə, Azərbaycan nümayəndə heyətinə qarşı ayrı-seçkiliyə son qoymalı və bərabərhüquqlu danışıq aparmalıdır.
- Frank Şvabenin Azərbaycanla bağlı mövqeyini və Avropada oxşar hadisələrə fərqli yanaşması ilə bağlı nə deyə bilərsiniz? Sizcə, burada siyasi seçicilik və ikili standartlar müşahidə olunurmu?
- Frank Şvabenin 24 iyun çıxışı illər ərzində qurulan sistemli siyasi xəttin davamıdır. 2020-ci ildən sonra, xüsusilə Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonra onun ritorikası daha sərt xarakter aldı. O, 2024-cü ilin yanvarında etimadnaməyə etirazın əsas təşəbbüskarlarından biri oldu, Azərbaycanla bağlı siyasi kampaniyalarda fəal iştirak etdi. 2026-cı ilin iyununda isə Azərbaycan dövlətini ləkə atan, Ordumuzu daxili qorxu vasitəsi adlandıran mövqeyə keçdi. Frank Şvabe AŞPA-nın Sosialistlər, Demokratlar və Yaşıllar Qrupunun rəhbəridir. Daşıdığı vəzifələr ona insan hüquqları mövzusunu şəxsi siyasi profilinin əsas aləti kimi istifadə etmək imkanı verir: qrupunun təşkilatdakı təsirini göstərmək, “dəyərlərin müdafiəçisi” obrazını qorumaq.
Azərbaycan onun üçün əlverişli hədəfə çevrilib: ölkəmiz müstəqil siyasət yürüdür, milli maraqlarını xarici mərkəzlərin göstərişlərinə uyğunlaşdırmır, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində Avropanın mühüm tərəfdaşıdır. Köhnə “Qarabağ münaqişəsi” təzyiq aləti artıq işləmədikdə yeni istiqamətlər önə çəkilir: media, siyasi məhbus siyahıları, sanksiya çağırışları. İnsan hüquqları problemi varsa, o, hüquqi dialoqla həll edilməlidir. Lakin demokratiya tələbi geosiyasi güzəştlər qoparmaq üçün siyasi silaha çevrilirsə, artıq hüquq olmur – məkrə çevrilir. Frank Şvabenin siyasi seçiciliyini göstərən məsələlərdən biri Avropanın öz daxilindəki hadisələrə münasibətdir. Fransada Milli Birlik Partiyasının lideri Marin Le Pen birinci instansiya məhkəməsinin qərarı ilə beş il müddətinə seçkilərdə iştirak hüququndan məhrum edildi. Şvabe isə AŞPA tribunasından Fransada siyasi plüralizmin təhlükədə olduğunu demir, seçicilərin iradəsindən danışmır. Çünki söhbət onun ideoloji rəqibindən gedirdi. Əli Kərimli kimi Elçibəy irsini onun sağlığında ələ keçirən və bütün yaxın silahdaşlarını təşkilatdan uzaqlaşdıran şəxs haqqında hər iddianı araşdırılmamış həqiqət kimi qəbul edən Şvabe, Avropanın özündə baş verən proses qarşısında eyni həssaslığı nümayiş etdirmir. Almaniyada hələ də yaşayan faşist təmayüllü qüvvələr üçün belə davranış açıq siyasi ayrı-seçkilik sayılmır.
- ABŞ-də dəyişən siyasi mühit, beynəlxalq media şəbəkələri və xarici maliyyələşən platformaların fəaliyyəti fonunda Azərbaycana qarşı informasiya kampaniyalarını və AŞPA-nın yanaşması adekvatdırmı? Sizcə, çıxış yolu nədir?
- Frank Şvabe və onunla eyni siyasi xətti bölüşən dairələrin hazırkı fəallığını qlobal siyasi mühitdə baş verən dəyişikliklərdən ayrı qiymətləndirmək olmaz. Donald Trampın ikinci prezidentlik dövrünün başlanmasından sonra ABŞ-ın xarici yardım mexanizmlərinə münasibəti əsaslı şəkildə dəyişdi. USAID başda olmaqla, onilliklər ərzində müxtəlif ölkələrdə siyasi proseslərə, media mühitinə və vətəndaş cəmiyyəti strukturlarına maliyyə ayıran şəbəkənin imkanları məhdudlaşdırıldı. OCCRP kimi beynəlxalq araşdırma platformaları da USAID maliyyəsinin dayandırılmasının özlərinə ağır təsir göstərdiyini açıq bildirdilər. İnkaredilməz faktlar göstərir ki, uzun illər tam müstəqil fəaliyyət etdiyini iddia edən qurumların maliyyə dayaqları siyasi qərarla bir anda zəifləyə bilir.
Azərbaycan həmin şəbəkələrin fəaliyyətinin nəticələrini uzun illər görüb. Eyni məlumatın yerli siyasi qrup tərəfindən hazırlanması, xaricdə maliyyələşən media vasitəsilə yayılması, OCCRP tipli platformalarda beynəlxalq araşdırma kimi təqdim edilməsi və Şvabe kimi siyasətçilər tərəfindən AŞPA tribunasına daşınması – sistemçi fəaliyyətin və anti-Azərbaycançı şəbəkənin sübutudur. Son beş ay ərzində Əli Kərimlinin mövqeyinin xarici mediada sistemli şəkildə təqdim edilməsi koordinasiyalı siyasi-informasiya fəaliyyətinin əlamətlərini daşıyır. 2025-ci ilin iyulunda Almaniyanın “Frankfurter Rundschau” qəzeti onunla geniş müsahibə dərc etdi. 2026-cı ilin mayında Fransanın “Le Monde” nəşri onun həbsdən göndərdiyi qeydlər əsasında mövqelərini beynəlxalq auditoriyaya təqdim etdi. Bir ay sonra isə “France 24” yazılı müsahibəni yayımladı. Bununla yanaşı, məqalələri “European Pravda”, “Project Syndicate” və “WELT”də dərc edildi. Frank Şvabe həmin informasiya zəncirinin son siyasi həlqəsi kimi çıxış edir: xarici mediada yayılan, hüquqi qaydada müstəqil şəkildə yoxlanılmayan məlumatları AŞPA tribunasından artıq müəyyən edilmiş fakt kimi səsləndirir. “Frankfurter Rundschau”, “Le Monde” və “France 24” kimi nüfuzlu media adları ilkin siyasi iddiaya beynəlxalq etibarlılıq görüntüsü qazandırmaq üçün istifadə olunur. Halbuki böyük nəşrdə materialın dərc edilməsi orada səsləndirilən bütün iddialar avtomatik hüquqi sübut sayıla bilməz. Uzun illər xarici dairələr Azərbaycanı Qarabağ münaqişəsi vasitəsilə təzyiq altında saxlayırdılar. Azərbaycan öz gücü ilə həmin mexanizmi dağıtdı. İndi azad edilmiş ərazilərdə şəhərlər, yollar, məktəblər qurulur; keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Məhz buna görə Azərbaycana təzyiqin ağırlıq mərkəzi başqa sahələrə keçirilib. Dövlətimizin hər bir hüquqi addımı “repressiya”, hər bir cinayət işi “siyasi təqib”, hər bir təhlükəsizlik tədbiri “diktatura” kimi təqdim olunur. 8 avqust 2025-ci il Vaşinqton görüşü bu baxımdan tarixi dönüş nöqtəsi oldu. Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi paraflandı. Ermənistan hökuməti Azərbaycanın ərazi bütövlüyünə əsaslanan sülh xəttini qəbul etdiyi halda, Frank Şvabe kimi siyasətçilər hələ də müharibədən sonrakı reallığı qəbul etmək istəmirlər. Şvabenin əsassız hökmləri Ermənistanın dövlət mövqeyinə və sülh istəklərinə də zərbədir, hətta Koçaryanları belə ötən düşmənçilik ritorikasından daha köhnəlmiş görünür. Azərbaycan heç bir obyektiv tənqiddən çəkinmir, konkret faktlara əsaslanan hüquqi dialoqa hazırdır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, məhkəmə sisteminin təkmilləşdirilməsi, media qanunvericiliyi, penitensiar şərait ilə bağlı məsələlər peşəkar və qarşılıqlı hörmət əsasında müzakirə oluna bilər. Lakin dialoq üçün şərtlər bərabər olmalıdır. İddialar sübutlarla əsaslandırılmalıdır. Dövlətin mövqeyi dinlənilməlidir. Mənbələrin siyasi maraqları araşdırılmalıdır. Heç bir şəxs jurnalist, müxalifətçi və ya fəal adı daşıdığına görə avtomatik olaraq qanundan üstün sayıla bilməz. Eyni zamanda heç bir şəxs siyasi mövqeyinə görə hüquqlarından məhrum edilməməlidir.
- Parisin Ermənistan–Azərbaycan normallaşma prosesində hansı mövqedə dayanır? Sizcə, Fransa həqiqətən sülhü dəstəkləyir, yoxsa burada siyasi ziddiyyətlər mövcuddur?
- Fransa Milli Assambleyasının üzvlərinin Azərbaycana qarşı əsassız ittihamları və birtərəfli sualları davam edir. “Dağlıq Qarabağdan köçürülmüş ermənilər”, “erməni məhbuslarının azad edilməsi”, “erməni dini və mədəni irsinin qorunması”, “Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları” və “Azərbaycanda siyasi hüquqlar” kimi mövzular ətrafında Fransa hökumətinə ünvanlanan sualların cavabları 23 iyun 2026-cı ildə parlamentin rəsmi səhifəsində dərc olunub. Cavablarda Fransa hökuməti açıq şəkildə bildirir ki, Paris “həmişə Ermənistanın yanında dayanıb”, İrəvanla müdafiə münasibətləri qurub və Avropa İttifaqının müşahidə missiyasının yaradılmasına nail olub. Eyni mətnlərdə Fransa 8 avqust 2025-ci il Vaşinqton razılaşmalarını və Azərbaycan–Ermənistan normallaşmasını dəstəklədiyini də iddia edir. Aparılan iki xətt bir-birinə necə uyğunlaşdırılır? Bir tərəfdən, ərazi bütövlüyü və sülh dəstəklənir. Digər yandan, Azərbaycanın keçmiş separatçı quruma qarşı həyata keçirdiyi suverenlik tədbirləri “hücum” adlandırılır, ağır cinayətlərdə ittiham olunan keçmiş separatçı rəhbərlər “siyasi məhbus” kimi təqdim edilir, Qarabağ ermənilərinin qayıdışı birtərəfli tələbə çevrilir, Azərbaycanın dağıdılmış dini və mədəni irsi isə ümumiyyətlə yada salınmır. Məhz daimi ziddiyyət Fransanın Cənubi Qafqaz siyasətinin əsas problemini üzə çıxarır: Paris sülhü dəstəklədiyini söyləyir, lakin barışın təməllərini təşkil edən və Bakının qurduğu yeni regional arxitektura ilə tam barışmaq istəmir. Çünki 1918-ci ildən sonra Qafqazlarda dövlətləri siyasi xəritə üzərində tanıyan siyasi bir mərkəz ölkəmizi qalib və bütöv statusla qəbul etmək istəmir. Azərbaycan Xarici İşlər Nazirliyinin həmin cavabları qətiyyətlə rədd etməsi tam əsaslıdır. Çünki Fransa parlamentində və diplomatik sənədlərində 30 illik işğal, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə salınması, şəhər və kəndlərin dağıdılması, minalanmış ərazilər, itkin şəxslər, kütləvi məzarlıqlar və məhv edilmiş Azərbaycan irsi yenə görünməz qalır. Fransa yaddaşı hadisələri 2020-ci ildən, bəzən isə yalnız 2023-cü ilin sentyabrından başlatmağa çalışır. Halbuki Qarabağ münaqişəsinin tarixi çoxəsrlikdir. Azərbaycan Ordusunun Qurtuluş savaşı 30 illik işğalın və beynəlxalq hüququn tətbiq olunmamasının nəticəsi idi.
- Fransa Senatının 2020-ci il qətnaməsi və ondan əvvəlki siyasi proseslər fonunda Parisin keçmiş separatçı quruma münasibəti necədir? Sizcə, bu yanaşmanın tarixi kökləri və əsas məqsədi nədən ibarətdir?
- Fransa
Senatının 25 noyabr 2020-ci il qətnaməsi Parisin sonrakı siyasətinin başlanğıc
sənədlərindən biri sayıla bilər. Azərbaycan, Ermənistan və Rusiya liderləri 10
noyabrda hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalamışdılar. Ermənistan
məğlubiyyətin nəticəsini qəbul etmiş, işğal altında saxladığı Ağdam, Kəlbəcər və
Laçın rayonlarını Azərbaycana qaytarmaq öhdəliyi götürmüşdü. Lakin bundan cəmi
səkkiz gün sonra Fransa Senatına keçmiş separatçı qurumun tanınması barədə qətnamə
layihəsi təqdim edildi. Noyabrın 25-də – müharibənin dayandırılmasından cəmi 15
gün sonra Senat “Dağlıq Qarabağ Respublikasının” tanınmasının zəruriliyi
haqqında qətnaməni qəbul etdi. Göründüyü kimi, hərbi meydanda məğlub olan
separatçı rejimin himayəçiləri özlərinin uduzmasını və yüz illərlə davam edən
layihəni diplomatik meydanda diriltməyə çalışırdı. Azərbaycanın beynəlxalq
hüquqa əsaslanan Qələbəsi qəbul edilmir, əvəzində BMT, hətta Ermənistanın
özünün belə müstəqil dövlət kimi tanımadığı bir quruma siyasi həyat verilməsinə
cəhd göstərilirdi. İrəvan ikinci erməni dövlətini 30 il ərzində rəsmiləşdirmədi.
Çünki belə addım Ermənistanın Azərbaycan ərazilərinin işğalında iştirakını
hüquqi baxımdan daha açıq şəkildə təsdiqləyəcəkdi. Ona görə də 2021-ci ildə həmin
qərarın mahiyyəti belə ifadə olunmuşdu: “İkinci Dünya müharibəsinin nəticələrini
Almaniya qəbul edib, generallar gəlib təslimçilik aktına qol çəkib, lakin
hansısa üçüncü dövlət onu tanımaq istəmir. İndi İkinci Qarabağ müharibəsinin
yekunlarını Ermənistan dövləti, parlamenti və xalqı qəbul edib, lakin Senat
deyir ki, yox, Ermənistan Ermənistan deyil, bizik böyük Ermənistan!” Məqsəd erməni
əhalisinin hüquqlarını qorumaq idisə, Azərbaycan onların bərabərhüquqlu vətəndaş
kimi yaşaması üçün hüquqi və sosial təminatlar təklif edirdi. Niyyət sülh idisə,
ikinci separatçı dövlət ideyası sülhə deyil, yeni müharibəyə aparırdı. Əsas hədəf
beynəlxalq hüququ qorumaq idisə, separatçı qurumun tanınması dövlətlərin ərazi
bütövlüyü prinsipinin açıq pozulması idi.
1987-ci ilin noyabrında Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik Abel Aqanbekyan Parisdə erməni diasporunun nümayəndələri ilə görüşmüş, daha sonra Fransanın “Humanite” qəzetində Qarabağın Ermənistana verilməsinin iqtisadi baxımdan məqsədəuyğun olduğunu söyləmişdi. Bədnam çıxış Qarabağa qarşı ərazi iddialarının beynəlxalq informasiya məkanına daşınmasında mühüm siyasi siqnal oldu. 1987-ci ildə Parisdə səsləndirilən fikir belə idi: Azərbaycanın inzibati ərazisi olan Qarabağın taleyini Azərbaycan xalqının və dövlətinin iradəsindən kənarda müəyyənləşdirmək mümkündür. 2020-ci ildə Fransa Senatının verdiyi siyasi mesaj da mahiyyətcə bundan fərqlənmirdi: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə belə, Parisdəki müəyyən dairələr Qarabağın taleyini yenə Azərbaycanın iradəsindən kənarda müəyyənləşdirmək istəyirlər. Aqanbekyanın çıxışı ilə Fransa Senatının qətnaməsi arasında 33 illik qanlı bağlılıq var. Qarabağın Ermənistana birləşdirilməsi və ya ayrıca erməni dövlətinin yaradılması vahid plandır. Hər iki halda Azərbaycanın suverenliyi nəzərə alınmırdı, Strasburq siyasi və informasiya məkanı separatçı layihənin beynəlxalq tribunasına çevrilirdi. Hər iki halda “humanitar”, “tarixi” və “mədəni” arqumentlər ərazi iddiasının üzərinə çəkilən siyasi pərdə rolunu oynayırdı. Fransa Senatının 25 noyabr və 23 iyun qərarını müharibədən sonrakı emosional qətnamə saymaq olmaz. O, 1987-ci ildə Parisdən verilmiş separatizm siqnalının yeni siyasi şəraitdə davamı idi. Qərbdə başlanan diplomatik əks-hücum sonrakı illərdə Avropa Parlamentinə daşındı. Fransalı siyasətçilər Natali Luazo və Rafael Qlüksman Azərbaycan əleyhinə müzakirələrin, qətnamələrin və siyasi kampaniyaların ən fəal simalarına çevrildilər. Onlar 2023-cü ildə Ermənistana səfər etdilər, Avropa İttifaqının müşahidə missiyası ilə birlikdə Laçın istiqamətinə getdilər və Azərbaycanın mövqeyi yerində öyrənilmədən “qanunsuz blokada” hökmü verdilər. Eyni siyasi kampaniyanın sonrakı mərhələsində Paris meri Ann İdalqonun rəhbərliyi ilə Fransa regionlarından göndərilmiş yük avtomobilləri İrəvandan Laçın yolunun girişinə gətirildi. Humanitar yardım özlüyündə siyasi cinayət deyil. İnsanlara yardım göstərilməsi alqışlanmalıdır. Lakin humanitar yük dövlət sərhədini, ölkəmizin gömrük və suverenlik hüquqlarını nəzərə almadan siyasi nümayişə çevrilirsə, artıq məqsəd təkcə yardım deyil. Azərbaycan alternativ Ağdam–Xankəndi yolunu təklif edirdi. Lakin həmin yolun qəbul edilməməsi göstərirdi ki, problem ərzağın çatdırılmasından daha çox, Ermənistandan Qarabağa nəzarətsiz keçidin saxlanılması idi.
Humanitar yardım adı altında Azərbaycanın sərhəd-keçid məntəqəsinin legitimliyi sual altına alınırdı. Yük avtomobillərinin arxasında televiziya kameraları, siyasətçilər və hazırlanmış beynəlxalq ittiham kampaniyası dayanırdı. Bundan əvvəl NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen də Ermənistana səfər etmiş, İrəvan rəhbərliyi ilə görüşmüş və Laçın yolu ətrafındakı vəziyyəti “humanitar böhran” kimi beynəlxalq gündəmə daşımağa çalışmışdı. Lakin sabiq hərbi rəhbərin Fransa siyasi dairələri ilə birgə fəaliyyəti, Avropa Parlamentinin qətnamələri və Laçın istiqamətindəki nümayişkaranə səfərlər eyni siyasi narrativin müxtəlif hissələri idi. Məqsəd Qarabağdakı vəziyyəti Azərbaycanın daxili suverenlik məsələsi kimi deyil, Qərbin müdaxilə etməli olduğu beynəlxalq böhran kimi təqdim etmək idi. Beləliklə, əvvəlcə “blokada” termini yaradıldı. Sonra humanitar avtomobil karvanları təşkil edildi. Daha sonra keçmiş yüksək vəzifəli Qərb siyasətçiləri regiona gətirildi. Ardınca Avropa Parlamentində qətnamələr qəbul olundu. Nəhayət, Azərbaycana qarşı sanksiya və beynəlxalq müdaxilə çağırışları səsləndirilməsi vahid siyasi təzyiq mexanizminin müxtəlif mərhələləri idi.
- Fransa özünü Azərbaycan–Ermənistan normallaşma prosesində vasitəçi kimi təqdim edir, bəs sonrakı addımları bu statusla nə dərəcədə uzlaşır? Parisin istifadə etdiyi siyasi terminologiya və yanaşma hansı məqsədlərə xidmət edir?
- Fransa prezidenti 6 oktyabr 2022-ci ildə Praqada İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişellə keçirilən dördtərəfli görüşdə iştirak etdi. Danışıqların əsas nəticəsi Ermənistan və Azərbaycanın BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması idi. Razılaşma sülh prosesində mühüm mərhələ idi. Ermənistan həmin sənədlə Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha təsdiqlədi. Fransa Prezidenti anlaşmanın iştirakçısı və siyasi şahidi oldu. Lakin Praqa görüşündən az sonra Emmanuel Makron Azərbaycan əleyhinə birtərəfli bəyanatlar səsləndirdi. Ardınca Fransa Senatı və Milli Assambleyası ölkəmizə qarşı qətnamələr qəbul etdi. Beləliklə, Praqada vasitəçi rolunda iştirak edən Fransa qısa müddətdə Ermənistanın siyasi tərəfdaşı və Azərbaycanın ittihamçısı mövqeyinə keçdi. Vasitəçinin əsas kapitalı etimaddır. Bir tərəfin mövqeyini qəbul edib digər tərəfi əvvəlcədən günahkar elan edən dövlət vasitəçilik hüququnu özü itirir. Fransa bir tərəfdən Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü tanımasını tarixi nailiyyət kimi təqdim edir, digər tərəfdən Qarabağın keçmiş separatçı rəhbərlərini legitim siyasi təmsilçilər adlandırır. Bir tərəfdən sülh müqaviləsini dəstəkləyir, eyni zamanda separatçı terminologiyanı qoruyur. Bir yandan Azərbaycanın suverenliyini tanıdığını bildirir, digər tərəfdən həmin suverenliyin bərpasını “hücum” adlandırır. Aşkar ziddiyyətlər Parisin münaqişənin bitməsindən sonra Cənubi Qafqazda öz təsir imkanlarını itirmək qorxusundan doğur. Azərbaycanın inzibati ərazi quruluşunda “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Separatçı rejim 2023-cü ildə ləğv edilib. Azərbaycan bütün ərazisində suverenliyini bərpa edib. Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Bütün bunlara baxmayaraq, Fransa parlamentinin sənədlərində “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağın siyasi rəhbərləri”, “Dağlıq Qarabağ xalqı” və “Dağlıq Qarabağa qayıdış” terminləri davamlı şəkildə saxlanılır. Terminologiya siyasətdə təsadüfi olmur. Mövcud olmayan inzibati-siyasi qurumun adını daim işlətmək onun gələcəkdə bərpa edilə biləcəyi təsəvvürünü yaşatmağa xidmət edir. Fransa sənədlərində “Qarabağ erməniləri” əvəzinə “Dağlıq Qarabağ əhalisi”, Azərbaycan vətəndaşı olmaq imkanı əvəzinə “öz müqəddəratını təyin etmək hüququ”, fərdi cinayət məsuliyyəti əvəzinə “siyasi rəhbərlərin həbsi” ifadələri işlədilir.Təcavüzkar dil Azərbaycanın ərazisində ayrıca siyasi subyektin mövcudluğu görüntüsünü qoruyur. Fransa Qarabağda ikinci erməni dövləti yaratmaq istəyirdi və indi həmin layihənin tam məğlubiyyətini qəbul etməkdə çətinlik çəkir. Əgər məqsəd keçmiş erməni sakinlərin dönüşüdürsə, onda niyə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların Ermənistana təhlükəsiz və ləyaqətli qayıdış hüququ Fransa parlamentinin gündəliyində eyni həssaslıqla yer almır? Qayıdış hüququ universaldırsa, yalnız bir etnik qrup üçün tətbiq edilə bilməz.
- Fransa–Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini necədir? Parisin Cənubi Qafqaz siyasətinin əsas məqsədləri nələrdir və bu gün regionda davamlı sülh üçün Fransa hansı addımları atmalıdır?
- Fransanın siyasi xətti ilə informasiya məkanındakı Azərbaycan əleyhinə kampaniyalar paralel şəkildə inkişaf edib, aparıcı televiziya kanallarında, qəzetlərində və siyasi şərh platformalarında Qarabağ münaqişəsi çox zaman yalnız erməni narrativi əsasında təqdim olunub. Azərbaycan cəmiyyətinin 30 illik məcburi köçkünlük travması, şəhərlərin dağıdılması, mina təhlükəsi və beynəlxalq hüququn pozulması ikinci plana keçirilib. Müharibə dövründə Azərbaycana qarşı xaricdən döyüşçülərin gətirilməsi barədə sübut olunmayan iddialar yayılıb. Prezident İlham Əliyev həmin ittihamlara görə Fransadan üzr tələb edib və heç bir sübutun təqdim edilmədiyini bildirib. Fransa siyasi dairələrinin sərt ritorikası küçə mühitinə də təsirsiz qalmadı. 2022-ci ilin sentyabrında radikal erməni qrupunun üzvləri Azərbaycanın Parisdəki səfirliyinin binasına zorla daxil olmağa cəhd göstərdilər. Bir neçə həftə sonra diplomatik nümayəndəliyə qarşı yeni vandalizm aktı törədildi. Dövlət səviyyəsində Azərbaycan “təcavüzkar” kimi təqdim edildikdə, parlament qətnamələri separatçı qurumu legitimləşdirdikdə və media eyni ittihamları təkrarladıqda radikal qruplar özlərini siyasi cəhətdən təşviq olunmuş hiss edirlər. Ona görə dövlət adamlarının sözləri yalnız debat materialı deyil. Həmin sözlər küçədə zorakılığa, diplomatik obyektlərə hücuma və xalqlar arasında düşmənçiliyin dərinləşməsinə də təsir göstərə bilərlər. Azərbaycan–Fransa münasibətləri həmişə indiki vəziyyətdə olmayıb. Ulu öndər Heydər Əliyev Fransaya xüsusi əhəmiyyət verirdi. Azərbaycanın müstəqilliyinin ilk illərində Parislə siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi xarici siyasətin mühüm istiqamətlərindən biri idi. Prezident İlham Əliyevin açıqladığı kimi, Heydər Əliyev Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olmasına əvvəlcə ehtiyatla yanaşırdı. Səbəb Fransadakı güclü erməni təsirinin vasitəçiliyin neytrallığına zərər vura biləcəyi narahatlığı idi. Jak Şirak Fransanın tərəfsiz qalacağına təminat vermişdi. Sonrakı mərhələdə balans müəyyən qədər qorundu. Nikola Sarkozi və Fransua Olland dövrlərində də Ermənistanla yaxın münasibətlərə baxmayaraq, Azərbaycanla dövlətlərarası əməkdaşlıq davam etdirilirdi. İki ölkənin şəhərləri arasında qardaşlaşma əlaqələri yaradılmış, enerji, nəqliyyat, mədəniyyət və təhsil sahələrində geniş əməkdaşlıq qurulmuşdu. Vətən müharibəsi zamanı Fransa xalqının mühüm hissəsinin obyektiv mövqeyi ilə hakimiyyətin siyasətini də fərqləndirmək lazımdır. Problem Fransa xalqı deyil, Emmanuel Makron dövründə dövlət siyasətinin birtərəfli istiqamətə yönəlməsidir. Prezident İlham Əliyev əvvəlki üç Fransa prezidenti dövründə münasibətlərin uğurla inkişaf etdiyini, indiki böhranın isə məhz hazırkı Fransa rəhbərliyinin siyasətinin nəticəsi olduğunu bildirib. Makron dövrü iki ölkənin münasibətləri baxımından itirilmiş illərə çevrildi. Fransa vasitəçi statusunu itirdi. İqtisadi və siyasi etimad zəiflədi. Paris Cənubi Qafqazda obyektiv Avropa dövləti obrazını itirərək Ermənistanın təhlükəsizlik himayəçisi roluna keçdi. Rusiya regionda zəiflədikcə Fransa yaranan boşluğu Ermənistan vasitəsilə doldurmağa çalışır. Ermənistanla qurulan müdafiə əlaqələri, silah tədarükü və Avropa İttifaqının müşahidə missiyasına verilən xüsusi dəstək bu siyasətin elementləridir. İkinci məqsəd Azərbaycan üzərində yeni təzyiq vasitələri yaratmaqdır. Qarabağ münaqişəsi bitdikdən sonra Parisin əvvəlki vasitəçilik statusu və təsir imkanları aradan qalxdı. Buna görə “qayıdış”, “məhbuslar”, “xristian irsi”, “insan hüquqları” və “Dağlıq Qarabağın siyasi nümayəndələri” kimi mövzular yeni təsir alətlərinə çevrilir. Üçüncü məqsəd Ermənistanı uzunmüddətli təhlükəsizlik və silah bazarına bağlamaqdır. Özünü təhlükədə hiss edən dövlət xarici hərbi himayəyə daha çox ehtiyac duyur. Ermənistanla Azərbaycan arasında tam sülh və normal iqtisadi münasibətlər yarandıqda xarici təhlükəsizlik təminatçılarına ehtiyac azalacaq. Ona görə Ermənistan–Azərbaycan qarşıdurmasının tam bitməsi bəzi xarici dairələrin geosiyasi və iqtisadi maraqlarına uyğun deyil. Dördüncü məqsəd Azərbaycanın müstəqil regional siyasətini məhdudlaşdırmaqdır. Azərbaycan Türkiyə ilə müttəfiqdir, enerji təhlükəsizliyində Avropanın mühüm tərəfdaşıdır, Orta Dəhlizin əsas dövlətlərindən biridir və heç bir xarici güc mərkəzinin siyasi nəzarətini qəbul etmir. Belə dövlətlə bərabərhüquqlu əməkdaşlıq etmək əvəzinə ona təzyiq göstərmək cəhdi nəticə vermir. Fransanın problemi də budur: Paris yeni Azərbaycanla köhnə vasitələrlə danışmağa çalışır. Mövcud vəziyyətin ən böyük paradoksu budur ki, Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və sülh sazişini paraflayır, lakin Fransadakı bəzi siyasətçilər hələ də Qarabağın ayrıca siyasi subyekti olduğu dili qoruyurlar. İrəvan iki xalqın düşmənçilik səhifəsinin bağlanması istiqamətində real addımları seçkilərin nəticələri ilə qəbul etdiyini göstərdi. Sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması müzakirə olunur. Sülh sazişinin mətni razılaşdırılıb və paraflanıb. Ermənistan rəhbərliyi keçmiş separatçı qurumun bərpasını dövlət siyasəti kimi irəli sürmür. Lakin Fransa parlamentində “Dağlıq Qarabağ xalqı”, “Dağlıq Qarabağ rəhbərləri” və “Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi” ifadələri dövriyyədə saxlanılır. Belə çıxır ki, Ermənistanın özü münaqişədən çıxmağa çalışır, lakin onun bəzi xarici himayədarları münaqişəni buraxmaq istəmir. “Sülh müqaviləsi imzalansaydı, əsl düşmənlərimizi görərdik”. Fransa Milli Assambleyasının 23 iyun 2026-cı ildə dərc olunan cavabları xüsusi narahatlıq doğurur. 8 avqust 2025-ci il Vaşinqton razılaşmalarından sonra regional normallaşmanın yeni mərhələyə daxil olduğu bir vaxtda Paris köhnə münaqişə dilini yenidən siyasi dövriyyəyə qaytarır.
Fransa hökuməti bir tərəfdən Vaşinqton razılaşmalarını dəstəklədiyini bildirir, digər tərəfdən ağır cinayətlərdə ittiham olunan şəxsləri əvvəlcədən “qanunsuz saxlanılanlar” kimi təqdim edir. Bir tərəfdən sülh prosesini müdafiə etdiyini deyir, digər tərəfdən Ermənistanla qurduğu müdafiə münasibətlərini xüsusi fəxrlə vurğulayır. Bir tərəfdən tərəflərin ərazi bütövlüyünü qəbul edir, digər tərəfdən Azərbaycanın suveren əraziləri haqqında keçmiş separatçı terminologiyadan istifadə edir. Belə ziddiyyətli yanaşma sülh prosesinə yardım etmir, əksinə revanşist qüvvələrə xarici siyasi ümid verir. Onlara göstərilir ki, Ermənistan hökuməti Qarabağı Azərbaycan ərazisi kimi tanısa belə, Parisdə bu nəticəni dəyişdirmək istəyən qüvvələr qalır. Paris separatçı terminologiyadan imtina etməli, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə birmənalı mövqe göstərməli, mədəni irs məsələsində bütün dini və milli abidələrə bərabər yanaşmalıdır. Erməni sakinlərin hüquqlarından danışdığı kimi, Qərbi azərbaycanlıların qayıdış hüququnu da tanımalıdır. Sülhə zidd hərbi-siyasi revanşizmi təşviq etməməlidir. Azərbaycanın məhkəmələrinin səlahiyyətinə qabaqcadan siyasi hökm verməməlidir. Yalnız bundan sonra Fransa iki dövlət arasında münasibətlərin bərpasında etibarlı tərəfdaş ola bilər. Onu Fransa Senatının qətnamələrində, Avropa Parlamentinin sənədlərində və Yelisey sarayının siyasi təsəvvüründə yaşatmaq nə Ermənistanı xilas edəcək, nə Fransanı regiona qaytaracaq, nə də tarixin gedişini dəyişəcək. Yeni Cənubi Qafqazın əsas həqiqəti budur: Qarabağ münaqişəsi başa çatıb, Azərbaycan suverenliyini bərpa edib və regionun gələcəyi separatizmdən deyil, dövlətlərin ərazi bütövlüyünə əsaslanan sülhdən keçir. Fransa barışın və birgəyaşayışın tərəfdarı ola bilər. Lakin əvvəlcə məğlub olmuş separatçı layihənin diplomatik müdafiəçisi olmaqdan imtina etməlidir.
14:00 26.06.2026
Oxunuş sayı: 57