Bu insanlar qocalar evində yaşamalıdır - Rəy
Yaşlı insanların qocalar evlərinə yerləşdirilməsi cəmiyyətdə birmənalı qarşılanmayan məsələlərdəndir. Lakin bəzi hallarda yaşlı insanların daha yaxşı baxımı və mənəvi cəhətdən sağlamlığı üçün yaşlı insanlar üçün təyin edilmiş evlərdə qalması daha məqsədəuyğun olur.Bir tərəfdən belə müəssisələr yaşlı insanlara tibbi nəzarət, gündəlik qayğı və sosial ünsiyyət imkanı yarada bilər. Digər tərəfdən isə ailədən və doğma mühitdən uzaq qalmaq onların mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.

Sosioloq Mail Yaqub Crossmedia.az-a açıqlamasında bildirib ki, yaşlı insanların öz ailələri, yaxınları və doğmalarının əhatəsində olması onların mənəvi və psixoloji sağlamlığı baxımından daha faydalıdır: “Birmənalı olaraq, qocaların, yaşlı insanların öz ailələrində, yaxınlarının, doğmalarının əhatəsində olması onların mənəvi-psixoloji sağlamlığına xeyirlidir, faydalıdır. Bu, bizim ənənəmizdən, dinimizdən, mənəviyyatımızdan gəlir – qocalara ehtiram, hörmət və dəyər. Ona görə çox az istisna hallarda, yəni bir qocanın yaxını, övladı yoxdur, təkdir, həyatda həqiqətən tənhadırsa, çox az istisna hallarda mən bunun tərəfdarıyam ki, qocalar evinə getsin, orada yaşasın. Yoxsa əgər onun doğması, yaxını varsa, qayğı göstərəni varsa, o, mütləq öz əhatəsində, öz ailəsinin yanında olmalıdır – övladlarının, yaxınlarının, nəvələrinin yanında”.
M.Yaqub qeyd edib ki, bu insanın psixoloji sağlamlığına böyük töhfə verir: “İnsan öz doğmaları ilə psixoloji baxımdan daha rahatdır, daha xoşbəxtdir. Amma dediyim kimi, istisna hallar, təbii ki, bundan xaricdir və belə hallarda, bəli, qocalar evinə yerləşdirmək mümkündür”.
Zərnigar Hüseynli
19:00 12.08.2026
Oxunuş sayı: 45