Hər gün içdiyiniz soyuducudakı su xəstəliyə səbəb ola bilər
Yay aylarında isti havalardan qorunmaq üçün insanlar daha çox sərin içkilərə üstünlük verirlər. Evə gəldikdə isə soyuducuda saxlanılan su ən çox seçilən içkilərdən biridir. Lakin suyun hansı qabda və hansı şəraitdə saxlanılması onun təhlükəsizliyi baxımından əhəmiyyət daşıyır. Xüsusilə ağzı açıq qablarda uzun müddət saxlanılan su müəyyən risklər yarada bilər. Keyfiyyətsiz plastik qablar da suyun tərkibinə təsir göstərə bilər. Gigiyenik qaydalara əməl olunmayan soyuducularda saxlanılan su isə mikroorqanizmlərlə çirklənə bilər. Bundan başqa, həddindən artıq soyuq su bəzi insanlarda narahatlıq yarada bilər. Bəs soyuducuda saxlanılan su nə zaman insan sağlamlığı üçün riskli ola bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən həkim-terapevt Günel Fətəliyeva bildirib ki, soyuducuda şüşə qabda və ağzı bağlı şəkildə saxlanılan suyun insan orqanizminə zərərli təsiri yoxdur:
“Yay mövsümünün isti günlərində insanlar sərin içkilərə üstünlük verirlər. Adətən evə gələn zaman soyuducuda saxlanılan suları içirlər.
Əsasən soyuducuda şüşə materialdan olan, ağzı bağlı qablarda saxlanılan suyun insan orqanizminə heç bir zərərli təsiri yoxdur. Lakin plastik qablarda və ağzı açıq şəkildə, xüsusilə vaxtaşırı və düzgün təmizlənməyən soyuducuda uzun müddət saxlanılan sular bəzi təhlükələr yarada bilər.
Keyfiyyətsiz plastik qablarda, ağzı açıq və uzun müddət saxlanılan suya zərərli kimyəvi maddələr keçə bilər. Əgər su ağzı açıq qabda, uzun müddət və xüsusilə gigiyenik qaydalara əməl olunmayan, yaxşı təmizlənməyən soyuducuda saxlanılıbsa, suda zərərli mikroorqanizmlər inkişaf edə bilər”.
Terapevt həmçinin qeyd edib ki, ağzı açıq saxlanılan suya soyuducudakı digər ərzaq məhsullarının dadı və qoxusu keçə bilər. Həddindən artıq soyuq su qəbulu bəzi şəxslərdə mədə sancısına və boğazda qıcıqlanmaya səbəb ola bilər.
Yekun olaraq, suyu soyuducuda şüşə qabda saxlamaq, qabın tam qapalı olmasına diqqət etmək və soyuducunun vaxtaşırı gigiyenik qaydalara uyğun təmizlənməsini təmin etmək lazımdır. Həmçinin soyuducuda suyu üç gündən çox saxlamamaq tövsiyə olunur".
Zeynəb Həsən
18:00 12.08.2026
Oxunuş sayı: 60