İran XİN: Bölgədə kollektiv təhlükəsizliyin təminatı üçün bütün ölkələrlə dialoqa hazırıq
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran bölgədə kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi və təmin olunması məqsədilə bütün ölkələrlə dialoqa hazırdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki , Bəqayi bu barədə keçirdiyi mətbuat konfransında danışıb. O qeyd edib ki, İran hər zaman region ölkələrinin təhlükəsizliyinin məhz regional əməkdaşlıq əsasında təmin edilməsinin tərəfdarı olub.
Sözçünün sözlərinə görə, region dövlətləri daimi qonşular kimi qarşılıqlı etimad və anlaşmaya söykənən təhlükəsizlik mexanizmləri formalaşdırmalıdırlar. O vurğulayıb ki, Tehran bu prinsipə sadiqdir və daha əvvəl də region ölkələri arasında təhlükəsizlik məsələləri üzrə geniş dialoqun aparılmasını təklif edib.
Bəqayi əlavə edib ki, İran xarici hərbi qüvvələrin iştirakı olmadan bölgədə kollektiv təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir.
İran rəsmisinin fikrincə, regional əməkdaşlıq və qarşılıqlı anlaşma bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biridir.
16:37 23.06.2026
Oxunuş sayı: 42