Azərbaycan Türkmənistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir - Deputat
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovin Azərbaycana səfərə gəlib. Bu iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsinin göstəricisi kimi qiymətləndirilir. Son illərdə Azərbaycan və Türkmənistan münasibətləri enerji, nəqliyyat-logistika, Xəzər əməkdaşlığı və regional inteqrasiya istiqamətlərində daha da intensiv xarakter alıb. Dövlət başçılarının görüşü təkcə ikitərəfli əlaqələrin cari vəziyyətinin deyil, həm də Orta Dəhliz, enerji marşrutları, ticarət dövriyyəsinin genişləndirilməsi və türk dünyası çərçivəsində əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu səfər fonunda əsas diqqət iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsinə və gündəmdə yer alacaq prioritet məsələlərə yönəlir.
Türkmənistan prezidentinin Azərbaycana səfəri ilə bağlı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı fikirlərini Crossmedia.az-la bölüşüb:

“Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Son illərin siyasi mənzərəsi ondan ibarətdir ki, respublikamızın Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri özünəməxsusluğu ilə fərqlənməklə, daha da genişlənib, yeni istiqamətləri əhatə edib. Ölkəmizin Mərkəzi Asiya, eyni zamanda, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Son illər Bakı ilə Aşqabad arasında müşahidə olunan yaxınlaşma iki qardaş ölkə münasibətlərinin ənənəvi dostluq çərçivəsindən çıxararaq daha geniş strateji müstəviyə daşınıb. Münasibətlərin indiki yüksək səviyyəyə gəlib çıxmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolu danılmazdır. Azərbaycan liderinin Türkmənistana işgüzar səfərləri regionda qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinin daha bir parlaq nümunəsinə çevrildi”.
Deputat əlavə edib ki, Prezidentin özünün söylədiyi kimi, Azərbaycan və Türkmənistanın mövqeləri tam üst-üstə düşür, hər iki tərəf gələcək əməkdaşlığa hazırdır və regionun inkişafı üçün ortaq addımlar atmağa sadiqdir: “Bu səfər həm iki ölkənin qarşılıqlı münasibətlərinə yeni nəfəs gətirdi, həm də çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirmək üçün zəruri mühit yaratdı. Eyni zamanda bu müddət ərzində iki ölkə arasında parlament əlaqələri də yüksək səviyyədə inkişaf edib. Bu gün qardaş Türkmənistan dövlətinin Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri Xəzər regionunda formalaşan yeni əməkdaşlıq reallıqlarının göstəricisidir. Berdiməhəmmədovun Bakı səfəri bir daha təsdiqləyir ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər artıq regionun gələcəyinə təsir göstərən mühüm amillərdən birinə çevrilib və qarşıdakı illərdə əməkdaşlığın daha geniş sahələri əhatə edəcəyi gözlənilir. Azərbaycanla Türkmənistan arasında strateji maraqların üst-üstə düşməsi bu münasibətlərin gələcəyinin parlaq olduğuna zəmanət verir. Regional və qlobal çağırışlar fonunda bu iki ölkənin bir-birinə dəstək verməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşması qaçılmazdır”.
Ayhan
15:25 22.06.2026
Oxunuş sayı: 53