Regionda güc balansını dəyişən sənəd: Şuşa Bəyannaməsi Azərbaycan - Türkiyə qardaşlığını möhkəmləndirdi
Azərbaycan və Türkiyə arasında münasibətlərin tarixində xüsusi yer tutan hadisələrdən biri də Şuşa Bəyannaməsinin imzalanmasıdır. Qardaşlıq, ortaq maraqlar və strateji əməkdaşlıq prinsipləri üzərində qurulan bu sənəd iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Məhz Qarabağın mədəni paytaxtı Şuşada imzalanan bəyannamə təkcə siyasi qərar deyil, həm də regionun gələcəyi, təhlükəsizlik arxitekturası və Türk dünyasının inteqrasiya prosesləri baxımından mühüm mesaj kimi qiymətləndirilir.
Bu gün regionda güc balansını dəyişən sənədin imzalanmasının növbəti ildönümüdür.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlama verib:

“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərində mühüm yer tutur. 2021-ci ildə Şuşa şəhərində imzalanan bu sənəd iki qardaş ölkə arasındakı əlaqələri daha da gücləndirərək onları rəsmi müttəfiqlik səviyyəsinə yüksəldib. Şuşa Bəyannaməsi siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənəd eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır”.
Deputat əlavə edib ki, bəyannamənin məhz Şuşada imzalanması xüsusi rəmzi məna kəsb edir: “Bu addım həm şəhərin tarixi və mədəni əhəmiyyətini, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yaranmış yeni reallıqları dünyaya nümayiş etdirdi. Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının, strateji tərəfdaşlığının və ortaq gələcəyə hesablanmış əməkdaşlığının ən mühüm siyasi sənədlərindən biri kimi qiymətləndirilir”.
Ayhan
15:22 10.06.2026
Oxunuş sayı: 61