Hərbi çağırış qaydaları yeniləndi – Detallar açıqlandı
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edir.
Crossmedia.az xəbər verir ki, Azərbaycanda 18 yaşına çatmış kişi cinsli vətəndaşlar hərbi xidmətə çağırılır. 2024-cü il 27 dekabr tarixli qanun dəyişikliyi ilə çağırışın son yaş həddi 35-dən 30-a endirilib. Lakin qanunvericiliyə görə bu öhdəlikdən azad olmağın və ya çağırışın təxirə salınmasının bir neçə əsası mövcuddur.
Bəs kimlər hərbi xidmətə çağırılmır?
Təhsil əsasında möhlətə görə, bakalavr tələbələri 24 yaşı tamam olanadək, magistr tələbələri isə 26 yaşı tamam olanadək, xaricdə təhsil alanlar da daxil olmaqla əyani təhsil aldıqları müddətdə çağırışdan möhlət hüququ əldə edir. Son qanun dəyişiklikləri ilə magistratura səviyyəsində təhsil alan şəxslər üçün də yaş həddi dəqiqləşdirilərək 26 yaş müəyyən edilib. Rezidentura və doktorantura tələbələri təhsilini başa vuranadək möhlət hüququndan yararlanır. Doktorantura qəbul imtahanının birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslərə isə əlavə 3 aylıq möhlət verilir. Tam orta təhsilini başa vurmamış 20 yaşınadək vətəndaşlar da bu kateqoriyaya daxildir.
Ailə vəziyyətinə görə möhlət hüququ bir neçə halı əhatə edir: başqa övladı olmayan I qrup əlil valideynin yeganə övladı olan çağırışçılar, üç və daha çox uşağın atası olan şəxslər, I qrup əlil həyat yoldaşına qulluq edən kişilər, habelə 18 yaşınadək və ya I qrup əlil qardaş və ya bacısına baxan, onları saxlaya biləcək başqa ailə üzvü olmayan şəxslər bu hüquqdan yararlana bilərlər. Qanunun yenilənmiş redaksiyasına əsasən, ailə vəziyyətinə görə verilən möhlət 30 yaşadək qüvvədə qalır. Bu yaşa çatanadək möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad edilərək ehtiyata keçirilirlər.
Sağlamlıq vəziyyətinə görə tibbi müayinədə müvəqqəti yararsız hesab edilən şəxslərə hər dəfə bir ildən çox olmamaq şərtilə, ümumilikdə üç ilədək möhlət verilə bilər. Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə tam yararsız hesab olunan şəxslər isə hərbi qeydiyyatdan çıxarılır. (Mətbuat.az)
10:45 10.06.2026
Oxunuş sayı: 66