Helsinki Azərbaycan Evi 28 May – Müstəqillik Gününü qeyd edib
Finlandiyanın paytaxtı Helsinkidə yerləşən Azərbaycan Evinin nəzdindəki həftəsonu məktəbində 28 May – Müstəqillik Gününə həsr olunan maarifləndirici dərs keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Dərsdə şagirdlərə Azərbaycan dövlətçiliyinin mühüm mərhələlərindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, onun tarixi əhəmiyyəti ilə bağlı geniş məlumat verilib. Gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, tarixi irsin öyrənilməsi və vətənpərvərlik ruhunun aşılanmasının vacibliyi vurğulanıb.
Bundan əlavə, Azərbaycan Evinin təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunan açıq hava tədbiri keçirilib. Luukki istirahət zonasında təşkil olunan tədbirdə Finlandiyada yaşayan soydaşlarımızla yanaşı, türk və özbək icmalarının nümayəndələri də iştirak ediblər. Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika kimi tarixə düşdüyünü qeyd edərək, onun müasir Azərbaycan dövlətinin əsaslarının yaradılmasında mühüm rol oynadığını bildiriblər.
Daha sonra təşkil olunan piknikdə müxtəlif icmaların nümayəndələri bir araya gələrək bayram sevincini bölüşüb, qarşılıqlı ünsiyyət və fikir mübadiləsi aparıblar. Əyləncəli oyunlar və komanda yarışları iştirakçıların böyük marağına səbəb olub.
15:20 02.06.2026
Oxunuş sayı: 45