Gənclərin diqqətinə: Yeni ixtisas yaradılır
Əmək bazarının dəyişməsi ali təhsil sistemində yeni ixtisasların yaradılmasını zəruri edir. Bu çərçivədə “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na “Daşınmaz əmlakın idarə olunması” ixtisası əlavə edilib. Bu yenilik sahə üzrə kadr hazırlığının gücləndirilməsinə və bazar tələblərinə uyğunlaşmaya xidmət edir.

Bu barədə Crossmedia.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Fəlsəfə doktoru İlqar Orucov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatına “Daşınmaz əmlakın idarə olunması” ixtisasının əlavə edilməsi hesab ölkə iqtisadiyyatının müasir transformasiya dövrünə uyğun strateji bir addımdır və bu ixtisasın yaradılmasını şərtləndirən bir sıra amillər var: "Düşünürəm ki, buna akademik və peşəkar təhlil əsasında münasibət bildirmək daha doğrudur. Öncə, ixtisasın yaradılmasını zəruri edən əmək bazarının tələbləri baxımından məsələyə diqqət edirik. Daşınmaz əmlak bazarı sadə alqı-satqı platformasından mürəkkəb investisiya mühitinə çevrilib. Bu sahədə qeyri-peşəkar idarəetmədən elmi əsaslı, akademik idarəetməyə keçid tələbi hesab edirəm ki, çox önəmlidir. Bu, həm də mülkiyyət idarəçiliyinin institusionallaşması baxımından vacibdir. Yəni burada situativ idarəetmə artıq yetərli deyil”.
Onun sözlərinə görə, investisiya cəlbediciliyi və risk menecmenti baxımından da məsələyə diqqət yetirilməlidir: “Daşınmaz əmlak ən böyük aktiv siniflərindən biridir. Portfel investisiyalarının idarə edilməsi, aktivlərin səmərəliliyinin artırılması və eyni zamanda bazar risklərinin proqnozlaşdırılması üçün yüksək ixtisaslı mütəxəssis bazasına ehtiyac duyulur. Post-konflikt dövrünün reallıqları da Azərbaycanın bu ixtisas üzrə kadr hazırlığına önəm verməsini şərtləndirir. İşğaldan azad olunmuş ərazilərdə mülkiyyət münasibətlərinin yenidən qurulması, dövlət əmlakının inventarlaşdırılması və ağıllı şəhər, ağıllı kənd konsepsiyası çərçivəsində resursların idarə edilməsi bu ixtisasın prioritetliyini xeyli artırır. Burada çox vacib olan məqamlardan biri də tələbələrin hansı əsas bilik və bacarıqlara yiyələnəcəyi ilə bağlıdır. Akademik kurikulum tələblərinə uyğun olaraq onların həm texniki, həm iqtisadi, həm də hüquqi biliklərə malik olması vacibdir. Beynəlxalq qiymətləndirmə standartlarına əsasən əmlakın bazar dəyərinin müəyyən edilməsi bacarıqları qiymətləndirmə və audit bacarıqlarına daxildir”.
Onun sözlərinə görə, mülkiyyət hüququ, müqavilə hüququ, daşınmaz əmlak reyestri sistemləri kimi hüquqi biliklər, həmçinin binaların texniki istismarı, enerji səmərəliliyi və obyektlərin idarə edilməsi üzrə biliklər də mühüm əhəmiyyət daşıyır: "Bu sahədə coğrafi informasiya sistemləri vasitəsilə məkan məlumatlarının analizi və bazar konyunkturasının tədqiqi bacarıqları da xüsusi önəm kəsb edir. Analitik təhlil bacarıqlarının bu ixtisasın tələbələri tərəfindən mənimsənilməsi mühüm əhəmiyyət daşıyır. Məzunlar dövlət sektorunda, korporativ sektorda, konsaltinq və biznes sektorunda, tikinti və layihə menecmenti sahələrində fəaliyyət göstərə biləcəklər. Dövlət sektorunda İqtisadiyyat Nazirliyi, əmlak və dövlət xidmətləri, şəhərsalma qurumları kimi strukturlarda işləmək imkanları olacaq. Korporativ sektorda isə banklarda girov əmlakın qiymətləndirilməsi, sığorta şirkətləri və investisiya fondlarında fəaliyyət mümkündür. Daşınmaz əmlak üzrə beynəlxalq agentliklər, logistika mərkəzləri və idarəedici şirkətlər kimi sahələrdə də geniş imkanlar yaranacaq. Bu ixtisas ümumilikdə mülkiyyət, dövlət və vətəndaş münasibətlərinin daha şəffaf və peşəkar şəkildə həyata keçirilməsinə xidmət edəcək. Bu, həm də 1-ci ixtisas qrupuna daxil olan ixtisaslardan biri olaraq əmək bazarının tələblərinə uyğun şəkildə gənclər üçün geniş imkanlar yaradacaq və bu sahədə özünü görən gənclər üçün mühüm perspektivlər açacaq”.
Mehriban Yariyeva
18:04 24.04.2026
Oxunuş sayı: 52