Aşıq Ələsgərin xatirəsinə həsr olunmuş ədəbi-musiqili gecə keçirilib
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Sazın səsi, sözün nəfəsi” adlı layihə çərçivəsində aşıq sənətinə həsr olunmuş tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir görkəmli söz ustadı Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr olunub.
Tədbirdə aşıq sənətinin zəngin ənənələri, onun Azərbaycan xalqının mənəvi yaddaşındakı yeri və müasir dövrdə yaşadılması məsələləri ön plana çəkilib. Bildirilib ki, aşıq yaradıcılığı xalqın estetik dünyagörüşünü, fəlsəfi düşüncəsini və milli kimliyini özündə əks etdirən mühüm mədəni irs nümunəsidir.
Tədbirdə AMEA Folklor İnstitutunun direktoru Hikmət Quliyev, “Dədə Ələsgər Ocağı” ictimai birliyinin sədri Xətai Ələsgər və Türkiyədən gəlmiş professor, doktor Ali Kafkasyalı çıxış ediblər.
Çıxışlarda Aşıq Ələsgər irsinin yalnız Azərbaycan aşıq poeziyasının deyil, bütövlükdə türk dünyasının aşıq və ozan sənətinin ayrılmaz tərkib hissəsi olduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu irsə göstərilən diqqət, yubiley tədbirlərinin keçirilməsi və abidəsinin ucaldılması milli-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir.
Bildirilib ki, aşıq sənəti qədim ozan ənənələrindən qaynaqlanaraq əsrlər boyu inkişaf edib, xalq müdrikliyini, təbiətə və insani dəyərlərə münasibəti özündə yaşadıb. Eyni zamanda vurğulanıb ki, qloballaşma dövründə milli kimliyin qorunması və mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından bu kimi tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Gecədə tanınmış aşıqlar – Toğrul Ayrumelli, Gözəl Kəlbəcərli, Telli Borçalı, Şahin Qazaxlı, Nemət Qasımlı və Ramin Qarayev çıxış edərək zəngin repertuarları ilə tamaşaçılara unudulmaz anlar yaşadıblar.
İfa olunan “Cəlili”, “Orta sarıtel”, “Yar oynamasın” aşıq havaları, eləcə də “Kərəm gözəlləməsi” dinləyicilər tərəfindən maraqla qarşılanıb. Bununla yanaşı, “Anaxanımın Aşıq Ələsgərdən küsməsi” nağıl-dastanından təqdim olunan epizod da proqramın bədii-estetik dəyərini artırıb.
Tədbirin sonunda bütün iştirakçıların birgə ifasında səsləndirilən müxəmməs gecəyə xüsusi ahəng qataraq proqramın yaddaqalan yekunu olub.
09:44 24.04.2026
Oxunuş sayı: 62