Ingla School Baku Mərkəzi Bəhram Bağırzadə ilə maarifləndirici görüş keçirib
Ingla School Baku tədris mərkəzində Azərbaycanın əməkdar artisti, uşaq ədəbiyyatı yazarı Bəhram Bağırzadə ilə görüş təşkil olunub.
Crossmedia.az-a mərkəzdən verilən məlumata görə, tədbirin əsas məqsədi uşaqlar arasında mütaliəyə marağın artırılması, kitab sevgisinin aşılanması və onların düşünən, araşdıran fərdlər kimi formalaşmasına dəstək olmaq olub.
Bildirilib ki, mərkəzin şagirdləri artıq uzun müddətdir müəllifin ingilis dilində qələmə aldığı əsərləri oxuyur və müzakirə edirlər. Bu əsərlər vasitəsilə onlar həm dil bacarıqlarını inkişaf etdirir, həm də zəngin məzmunla yaxından tanış olurlar. Yazıçı ilə birbaşa ünsiyyət isə uşaqlar üçün əlavə motivasiya və ilham mənbəyinə çevrilib.
Görüş zamanı Bəhram Bağırzadə uşaqlara yazıçılığın mahiyyəti, eləcə də kitab oxumağın insan həyatındakı rolu barədə fikirlərini bölüşüb. Xüsusilə Cırtdan obrazı üzərindən milli dəyərlərin və mədəni irsin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu kimi nümunələrin ingilis dilində təqdim edilməsi uşaqlara həm milli kimliklərini qorumaq, həm də qlobal dünyaya inteqrasiya etmək imkanlarını göstərir.
Məlumatda vurğulanıb ki, bu tip görüşlər şagirdlərdə oxu vərdişlərinin formalaşdırılması, dünyagörüşünün genişləndirilməsi və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ingla School Baku-nun direktoru Əzizə Fətullayevanın sözlərinə görə, mərkəzin əsas məqsədi bu kimi təşəbbüslər vasitəsilə uşaqları həm bilikli, həm də dəyərlərinə sadiq fərdlər kimi yetişdirməkdir.
22:21 18.04.2026
Oxunuş sayı: 72