Xarici diplomların tanınmasında tələblər sərtləşir – Ekspert əsas səbəbləri açıqladı
Azərbaycanda xarici ali təhsil kvalifikasiyalarının tanınması məsələsi son illərdə daha da аktual xarakter almaqdadır. Xaricdə təhsil alan gənclərin sayının artması bu sahədə müraciətlərin çoxalmasına səbəb olur. Cari ilin yanvar–mart aylarına dair statistik göstəricilər də bu tendensiyanı aydın şəkildə nümayiş etdirir. Belə ki, qeyd olunan dövr ərzində ümumilikdə 1305 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti müsbət qiymətləndirilsə də, müəyyən hissəsi müxtəlif səbəblərdən mənfi qərarla nəticələnib. Bu isə xarici kvalifikasiyaların tanınması prosesində mövcud meyarların kifayət qədər ciddi olduğunu göstərir.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Crossmedia.az-a bildirib ki, imtina halları əsasən müəyyən ölkələr və ali təhsil müəssisələri üzrə daha çox müşahidə olunur: “Təhsildə Keyfiyyət Agentliyi mütəmadi olaraq açıqlayır ki, hansı ölkələrdən və universitetlərdən müraciətlərə daha çox imtina verilir. Bu halların əksəriyyəti postsovet məkanında fəaliyyət göstərən, hətta öz ölkəsində belə tanınmayan universitetlərlə bağlıdır”.

Ekspertin sözlərinə görə, digər əsas səbəblər sırasında müraciət edən şəxsin təhsil aldığı ölkənin və universitetin tədris dilini bilməməsi, eləcə də ölkəyə giriş-çıxış məlumatlarında uyğunsuzluqların olması dayanır: “Bu kimi hallar sənədlərin etibarlılığı ilə bağlı ciddi şübhələr yaradır və mənfi qərara gətirib çıxarır”.
E.Süleymanov vurğulayıb ki, xaricdə təhsil almaq istəyən şəxslər ilk növbədə seçdikləri universitetin hüquqi statusunu yoxlamalıdırlar: “Universitetin rəsmi şəkildə fəaliyyət göstərib-göstərmədiyi, öz ölkəsində tanınıb-tanınmadığı mütləq araşdırılmalıdır. Eyni zamanda tədris proqramlarının Azərbaycan təhsil sisteminə uyğunluğu da nəzərə alınmalıdır. Distant və ya uzaqdan təhsil forması ilə əldə olunan diplomlar Azərbaycanda tanınmır. Mövcud qaydalara əsasən təhsil əyani formada olmalı, təhsil müddəti ekvivalent hesab edilməli və bəzi ixtisaslar üzrə məzunlar əlavə imtahan verməlidirlər. İmtahan nəticələri qənaətbəxş olduğu halda həmin şəxslərin diplomları tanınır”.
Sonda ekspert valideynlərə və abituriyentlərə tövsiyə edib ki, seçim zamanı daha diqqətli olsunlar: “Universitetlərin beynəlxalq reytinqlərdəki mövqeyi izlənilməli, həmçinin Təhsildə Keyfiyyət Agentliyinin təqdim etdiyi statistik məlumatlar nəzərdən keçirilməlidir. Bu məlumatlar hansı ölkə və universitetlərlə bağlı problemlərin daha çox olduğunu açıq şəkildə göstərir”.
Mehriban Yariyeva
18:27 18.04.2026
Oxunuş sayı: 47