Bakıda Çingiz Aytmatovun “Cəmilə” musiqili tamaşası təqdim olunub
Aprelin 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Toktokul Satılqanov adına Qırğız Milli Filarmoniyasının dahi qırğız yazıçısı Çingiz Aytmatovun əsəri əsasında hazırladığı “Cəmilə” musiqili tamaşası təqdim olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Gecədə mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın Dövlət katibi Arslan Koyçiyev, mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev, Azərbaycan Milli Məclisinin deputatları, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tamaşadan əvvəl çıxış edən Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev iki ölkə arasında mədəni əlaqələrin hazırda yeni inkişaf mərhələsini yaşadığını deyib. O, Çingiz Aytmatovun 100 illik yubileyi münasibətilə hazırlanan müziklin Azərbaycanda yüksək səviyyədə təqdimatına yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra tamaşa nümayiş olunub. Musiqili səhnə əsərinin quruluşçu rejissoru Qırğızıstanın Əməkdar artisti Bolot Tentimişov, layihə rəhbəri Xalq artisti Qyrgyzbay Osmonov, libretto müəllifləri Əməkdar mədəniyyət xadimi Zayidin Uulu Ulan, Əməkdar artist Bolot Tentimişov, bəstəkarı Əməkdar artist Murzali Jeenbayevdir.
Tamaşada Ayzada Mukanbet (Cəmilə), Kural Çokoyev, Miran Janarbayev (Daniyar), Aksay Mukambet (Seyid), Abil Baygaziyev (Seyidin uşaqlığı), Əməkdar artistlər Salima Baltayeva, Məərim Karypova (Baybiçe), Anvar Osmonaliyev (Sadık), Kutmanbek Joldoshov (Orozmat), Xalq artisti Çırmaş Töröbekov (Briqadir) və başqaları iştirak ediblər.
Qeyd edək ki, “Cəmilə” Ç.Aytmatovun ilk povestlərindən biridir. Əsərdə Daniyar ilə Cəmilənin məhəbbəti gənc Seyidin dili ilə təsvir olunur. Sevgi, ləyaqət və insanpərvərlik kimi dəyərləri özündə birləşdirən müzikl maraqla qarşılanıb.
13:50 17.04.2026
Oxunuş sayı: 58