Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli aktyor, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Nurəddin Mehdixanlının 70 illiyinə həsr olunan “Səhnədə ömür, sənətdə əbədilik” adlı yubiley gecəsi keçirilib.
Crossmedia.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, millət vəkilləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və sənətsevərlər iştirak ediblər.
Mədəniyyət Nazirliyinin yubilyara təbrik məktubu oxunduqdan sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani aktyorun Azərbaycan teatr və kino tarixində yaratdığı obrazlar haqqında danışıb, teatr sənətinin inkişafındakı böyük xidmətlərindən, sənətə sədaqətindən və Vətənə sevgisindən bəhs ediblər.
Gecədə Xalq artistləri Mələkxanım Əyyubova, Samir Cəfərov və Nazpəri Dostəliyeva sənətkarı musiqi nömrələri ilə təbrik ediblər.
Sonra Gürcüstanın teatr rejissoru Robert Sturua, Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvaralidze, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının baş direktoru Tamer Qaradağlı və Ejen İonesko adına Moldova Milli Teatrının bədii rəhbəri, Xalq artisti, rejissor Petru Vutkereunun Nurəddin Mehdixanlıya videotəbrikləri təqdim olunub. Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Xalq artisti Yodqar Saqdiyevin də yubilyara təbrik məktubu oxunub.
16:56 15.10.2026
Oxunuş sayı: 64