"Azərbaycandan ilhamlanaraq: Mərakeş baxışı" adlı sərginin açılışı keçirilib
Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən Bab Rouah Qalereyasında "Azərbaycandan ilhamlanaraq: Mərakeş baxışı" adlı sərginin açılışı keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycanın Mərakeş Krallığındakı Səfirliyi tərəfindən "Şəhərsalma və memarlıq ili – 2026" çərçivəsində təşkil olunub və müxtəlif sahələri təmsil edən qonaqları bir araya gətirib.
Sərgidə 13 mərakeşli rəssamın əsərləri nümayiş olunub. Maraqlı məqam ondan ibarətdir ki, bu rəssamlar Azərbaycanda olmayıblar, lakin topladıqları məlumatlar, vizual materiallar və şəxsi təxəyyülləri əsasında ölkəni təsvir etməyə çalışıblar. Bu yanaşma sərgiyə fərqli və qeyri-adi baxış qazandırıb.
Təqdim olunan əsərlərdə Azərbaycanın təbiəti, mədəniyyəti və ənənələri müxtəlif formalarda əks olunub. Dağ mənzərələri, gündəlik həyat səhnələri, milli ornamentlər və mətbəx motivləri rəssamların fərdi üslubunda təqdim edilib. Bəzi işlərdə isə Azərbaycanın tanınmış şəxsiyyətlərinə istinadlar yer alır.
Sərgi həm incəsənət, həm də mədəni tanıtım baxımından maraq doğurub. Ziyarətçilər üçün bu, Azərbaycan haqqında vizual təsəvvür əldə etmək imkanı yaradır. Tədbir çərçivəsində qonaqlara Azərbaycan mətbəxindən nümunələr də təqdim olunub.
Açılış zamanı iştirakçı rəssamlara sertifikatlar və suvenirlər təqdim edilib. Bu, onların sərgidə iştirakının rəmzi qiymətləndirilməsi kimi qeyd olunub.
Sərgi 18 aprel tarixinədək davam edəcək və ictimaiyyət üçün açıqdır.
23:48 15.04.2026
Oxunuş sayı: 49