"Akinak" bədii filminin premyerası keçirilib
Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə lentə alınan "Akinak" tammetrajlı bədii filminin premyerası keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə "Narimanfilm" MMC tərəfindən istehsal olunan ekran əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov, ssenari müəllifləri İlqar Safat, Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoy, quruluşçu operatoru Ruslan Ağazadədir.
Fentezi elementləri ilə zəngin olan tarixi macəra filmində Azərbaycanın qədim dövlətçilik keçmişinə tamamilə yeni ideoloji prizmadan yanaşılır. Ekran əsəri əsasən gənc auditoriya üçün nəzərdə tutulsa da, süjet xətti və vizual həlli ilə bütün yaş qruplarından tamaşaçıların marağına səbəb olacaq.
Filmdə hadisələr indiki Azərbaycan ərazilərində vaxtilə mövcud olmuş qədim İşquz (İç Oğuz) dövlətində cərəyan edir. Düşmən hücumuna məruz qalan dövləti və xalqı xilas etmək üçün vaxtilə Göylərdən göndərilmiş dörd müqəddəs əmanətdən biri olan "Akinak" qılıncını tapmaq lazımdır. Bu ağır və taleyüklü missiyanı yerinə yetirmək üçün dörd cəsur gənc təhlükələrlə dolu yola çıxır. Onlar hədəfə çatmaq üçün həm real düşmənlərlə, həm də onların qurduğu qaranlıq tilsimlərlə mübarizə aparmalı olurlar.
Filmin premyerası böyük maraqla qarşılanıb, yaradıcı heyət alqışlarla səhnəyə dəvət olunub.
Qeyd edək ki, bədii film may ayından etibarən ölkənin bütün kinoteatrlarında geniş tamaşaçı kütləsinə təqdim olunacaq.
Tədbir zamanı, həmçinin Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə hazırlanan və bu il təqdimatları keçiriləcək animasiya və filmlərin treylerləri nümayiş etdirilib.
23:55 15.04.2026
Oxunuş sayı: 49