Qırğızıstanda rusdilli kənd adları dəyişdiriləcək
Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə rus mənşəli kənd adlarının dəyişdiriləcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, Alay rayonunun sakinləri ilə görüşdə bildirib ki, rus adları daşıyan bütün yaşayış məntəqələrinə qırğız adları veriləcək. Prezidentin sözlərinə görə, bu prosesin 2027-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.
Qeyd olunub ki, Qırğızıstan müstəqilliyinin 35-ci ildönümünə yaxınlaşsa da, toponimlərin dəyişdirilməsi prosesi hələ tam yekunlaşmayıb. Sovet dövründən qalan çoxsaylı adlar xüsusilə Çuy bölgəsində qalmaqdadır.
Xatırladaq ki, daha əvvəl paytaxt Bişkekdə dörd rayonun adının dəyişdirilməsi təşəbbüsü geniş ictimai etirazlara səbəb olmuş, bu məsələ Rusiyanın da reaksiyasına yol açmışdı.
16:52 14.04.2026
Oxunuş sayı: 664