Ostində Azərbaycanın zəngin mədəni irsi nümayiş olunub
ABŞ-nin Texas ştatının Ostin şəhərində Beynəlxalq Rəqs Günü münasibətilə keçirilən tədbirdə Azərbaycanın zəngin mədəni irsi geniş şəkildə nümayiş etdirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Müxtəlif ölkələrdən tanınan sənətçilərin qatıldığı tədbir Azərbaycanın qədim tarixi, incəsənəti, musiqisi, milli adət-ənənələri və rəqs mədəniyyəti haqqında təqdimatla başlayıb. Təqdimatda ölkəmizin mədəni irsinin dərin köklərə söykəndiyi və bu gün də beynəlxalq səviyyədə tanındığı xüsusi vurğulanıb.
Daha sonra Azərbaycan icmasının fəalı, rəqqasə Laman Hendriksin, türkiyəli rəqqas Serkan Tutarın, ukraynalı dizayner və ifaçı Svitlana Zralkonun və İngiltərədən olan rəqqasə Vivienne Bennettin ifaları böyük maraqla izlənib. Azərbaycanın görkəmli bəstəkarları - Üzeyir Hacıbəylinin “Cəngi” əsərinin və Emin Sabitoğlunun “Ağ çiçək” rəqsinin səhnələşdirilməsi tədbirin ən yaddaqalan anlarından biri olub.
Ardınca dizayner Svitlana Zralkon Azərbaycanın milli geyim kolleksiyasını təqdim edib. Zərif naxışlar, rəngarəng çalarlar və qədim irs elementlərini özündə birləşdirən geyimlər amerikalı qonaqları heyran edib.
Tədbirdə Azərbaycan xalçaçılıq sənətini əks etdirən sərgi də təşkil olunub. Soydaşımız Hüseyn Şahin nümayiş olunan xalçalar vasitəsilə xalqımızın zəngin sənət ənənələri haqqında məlumat verib.
Tədbir Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verib.
14:12 14.04.2026
Oxunuş sayı: 58