Elmir Mirzəyev: “Arazbarı” Azərbaycan musiqisinin mədəni vizit kartı ola bilər
Azərbaycanın beynəlxalq aləmdə tanıdılması yalnız diplomatik münasibətlər və rəsmi təşəbbüslərlə məhdudlaşmır. Xaricdə yaşayan soydaşlarımızın elmi, mədəni və yaradıcı fəaliyyəti də ölkəmizin dünyada tanınmasına, milli irsimizin fərqli auditoriyalara çatdırılmasına mühüm töhfə verir. Xüsusilə musiqi kimi dil və sərhəd tanımayan sənət sahəsi vasitəsilə Azərbaycan mədəniyyətini dünyaya təqdim etmək, milli ənənələrlə müasir yaradıcılıq arasında əlaqə qurmaq geniş imkanlar yaradır. Xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı bəstəkarların, musiqişünasların və kulturoloqların təcrübəsi isə həm milli musiqimizin beynəlxalq mədəniyyət məkanındakı yerini, həm də fərqli cəmiyyətlər arasında yaranan mədəni dialoqu anlamaq baxımından maraq doğurur.
“Zəfər diasporu” layihəsi çərçivəsində bu dəfə Almaniyada yaşayan bəstəkar, musiqişünas və kulturoloq Elmir Mirzəyevlə söhbətləşirik. Müsahibimizlə onun yaradıcılıq yolu, musiqiyə və mədəniyyətə baxışı, Almaniyadakı fəaliyyəti, fərqli mədəni mühitdə yaşamağın sənətinə təsiri, eləcə də Azərbaycan musiqisinin beynəlxalq auditoriyaya çatdırılması imkanları barədə danışırıq.
– Müsahibələrinizin birində demişdiniz ki, uşaqlıqdan bəri “itirilmiş akkord”u axtardığınız, bu gün onu tapdığınızı düşünürsünüz, yoxsa sənətkar üçün onu tapmaq yaradıcılığın bitməsi deməkdir?
– Düşünmürəm ki, bu mümkündür, o “itirilmiş akkord” hər hansı bir müəyyən bir musiqi formulu və ya konkret səslər birləşməsi deyil, uşaqlığın rəngbərəng və çoxqatlı zəngin təxəyyül, əslində sürrealist dünyasının simvolu idi. Belə deyim, bəzi insanlar üçün uşaqlıq xatirələri çox zaman hansısa qoxu, və ya dadla bağlı olur, mənim üçünsə o akkordun səslənməsi ilə. İnsan həyatı boyu müxtəlif sərf bioloji və eyni zamanda tarixi-ictimai mərhələlərdən keçir, sanki bir neçə fərqli, hərdən bir-birindən çox uzaq adamların həyatını yaşayır. Sənət də buna bənzəyir, XX əsrdə boyu böyük tarixi kataklizmlər fonunda bir çox bəstəkarların (Stravinski, Şostakoviç, Qarayev və d.) yaradıcılığı və üslubları da müxtəlif ictimai-tarixi dövrlərdə fərqli çalarlar daşıyırdı. Mənim uşaqlığım sovetlərin ilıq “durğunluq” dövrünə təsadüf edir, ağ-qara, kiçik ekranlı televizorda kostyumlu yaşlı kişilərin qurultaylarda o zaman anlamadığım rus dilində kommunizmin qələbəsindən danışdığı illər. Uşaq fəhmi ilə belə duyurdum ki, bu həyat sıxıcı ola bilər, lakin çox sakit və sabitdır. Yeniyetməlik dövrü artıq tam başqa idi, ölkədə durum kökündən dəyişmişdi, hər yerdə “Yenidənqurma” barədə danışılırdı, metropoliya qəzetlərində Stalin dövrü repressiyaları, edilmiş səhvlər dilə gətirilir, gənclik jurnallarında isə rok-musiqidən, o zaman sevimli qruplarımız olan AC/DC və Pink Floyd barədə söz açılırdı. Aydın idi ki, keçmiş həyata son soyulub və gələcək yeniyetmə gözündən çox rəngarəng görünürdü. İlk bəstəkarlıq təcrübəm də o illərə təsadüf edir, musiqi məktəbində violin sinfində oxuyarkən fakultativ olaraq indi dünyasını dəyişmiş rəhmətlik İlham Abdullayevin sinfinə yazılmışdım, elə həmin zaman da hiss etmidşdim ki, mənə ən maraqlı gələn iş elə budur – səslərlə çalışmaq. Bizim nəslin gəncliyi isə təlatümlü illərə düşdü, Azərbaycana qarşı təcavüz və torpaqlarımızın işğalı, milli qürurumuza vurulan sarsıdıcı zərbələr fonunda müstəqilliyimizin bir ənam kimi əldə edilməsi və yeni yaranmış dövlətin ilk kövrək addımları... Bütün bunlar ildırım sürəti ilə baş verir, tarixi proseslər sanki coşqun dağ çayının axını kimi dolanbac yollardan keçirdi. Sonra isə istər şəxsi həyatda, istərsə də sənətdə yetkinləşmə dövrü – bütün bunlar çox fərqli tarixi-ictimai fonda baş verirdi və sözsüz ki, yaradıcılığa da təsir etməyə bilməzdi. Sənət adamına onun yaşadığı dövr, baş verən hadisələr istənilən halda təsir edir. Dövrün ziddiyyətləri, cəmiyyətdə baş verən dəyişikliklər, insanın yaşadığı sarsıntılar və xəyal qırıqlığı gec-tez sənətin dilində öz əksini tapır. Təbii ki, mənim də bu prosesdən kənarda qalmağım mümkün deyildi. Əksinə, yaşadığım zamanın təlatümləri mənim üçün həm daxili sualların, həm də musiqidə yeni ifadə yollarının mənbəyinə çevrildi. Odur ki, “itirilmiş akkord” əslində sənət insanı üçün bir ilğımdır. Bir azca yaxınlaşan kimi yoxa çıxan ilğım.

– Uzun illər Azərbaycan və Almaniya kimi iki fərqli mədəni mühit arasında yaşamısınız. Sizcə, insan doğma mədəniyyətini vətəndən uzaqda daha aydın görməyə başlayır?
– Bu çox fərqli bir hissdir, sanki tədricən yerdən qalxan təyyarədən olan müşahidəyə bənzəyir. İlk öncə zəmindən yeni ayrılırsan, hər şey hələ çox yaxındır, bir müddət sonra isə detallar, xırdalıqlar itməyə başlayır, əvəzinə daha ümumi konturları, böyük mənzərəni görməyə başlayırsan. Azərbaycanın yerləşdiyi müstəsna mürəkkəb coğrafiya, region və ətraf ölkələrin bizə təsiri, fərqli geosiyasi vektorlar, logistika, yollar, iqtisadi-siyasi mənzərə və bunlardan doğan mədəni təsirlər daha aydın təsəvvürdə canlanır. Avropada yaşadıqca tədricən bütün bunlara uzaq məsafənin geniş perspektivindən baxış formalaşır. Digər məsələ odur ki, keçən bu illər ərzində istər Almaniya, istərsə də Azərbaycan çox-çox dəyişilib. Almana ilk gəlişim 2000-ci ilə təsdüf edir – o zaman bu tamam başqa bir ölkə idi, bunu indiki zamanın yüksəkliyindən tam əminliklə demək olar. Azərbaycanın həmin dövrdən bu günə qədər keçdiyi yol da çoxumuzun gözləri önündə baş verib. Aydındır ki, o zaman tamamilə başqa bir dövr idi və bu tarixin özü hələ öz müəllifini gözləyir.
– Əgər Azərbaycan musiqi tarixindən bir əsəri seçib Avropada yaşayan hər bir insana dinlətmək imkanınız olsaydı, hansı əsəri seçərdiniz və niyə?
– Düşünürəm ki, bunun üçün ən uyğunu Üzeyir bəyin “Arazbarı” əsəri olar. “Arazbarı” bizim musiqidə bəstəkarın mövcud musiqi materialına yaradıcı münasibətinin çox parlaq nümunəsidir. Belə ki, Avropa musiqisində mövcud xalq melodiyasının (bizim misalda zərbi-muğamın) bəstəkar tərəfindən yaradıcı şəkildə işlənməsi qədim ənənədir – klassiklərdən Haydn və Beethoven, romanizm erasında Liszt və Çaykovski, bir çox bəstəkarların yaradıcılığında bunun çoxsaylı nümunələrinə rastlayırıq. “Arazbarı” bu baxımdan bizim musiqi mədəniyyətimizin özünəməxsus simasını nümayiş etdirən çox gözəl bir nümunədir. Məncə, hətta bir növ mədəni “vizit kartımız” kimi də çıxış edə bilər.

– Siz həm bəstəkar, həm musiqişünas, həm də tədqiqatçısınız. Bəzən alim tərəfiniz bəstəkar tərəfinizə mane olurmu? Yəni musiqini çox analiz etmək onun sehrini azalda bilərmi?
– Bir dəfə yazmışdım bu barədə. Bəstəkar kimi biz hər zaman yalnız subyektiv ola bilrərik. Çünki yaradıcılığa öz baxışlarımız olur. Və estetik yanaşmalarımızda, əsərlərimizdə seçimlərimiz və dəyərləndirməmizdə, konkret bir estetik credo olmadan bəstəkar olmaq prisipcə mümkün deyil. Lakin əgər musiqişünas kimi musiqi tarixini, müxtəlif eraları, bəstəkarların yaradıcılığını dəyərləndirməyə, təhlilə keçməliyiksə, o zaman hökmən subyektliyimizi itirib obyektiv olmağa çalışmalıyıq, çünki musiqişünas baxışı yalnız obyektiv ola bilər, əks halda bu artıq elm olmaycaq, hissi-subyektiv yanaşma olacaqdır. Subyektiv, yaxud Obyektiv olmaq: Yaradıcılıq və Elm arasındakı böyük fərq bundan ibarətdir.
– Təsəvvür edək ki, Üzeyir Hacıbəyli bu gün yaşayır və müasir Azərbaycan musiqisini dinləyir. Sizcə, onu ən çox nə təəccübləndirərdi və hansı məsələlər barədə sual verərdi?
– Hər bir insan yalnız və yalnız öz dövrünün məhsuludur. Bu dahilərə də aiddir. Yadımdadır, 90-ların lap sonu olardı, rəhmətlik akademik Azad Mirzəcanzadə bizimlə, yaratdığımız SoNoR ansamblının üzvləri ilə bir söhbətində demişdi ki, hər hansı bir insanı təbrik edərkən bu yalnız şəxsi manuskript ilə yazılmış məktub, yaxud açıqca olmalıdır, çap maşını ilə əsla olmaz, çnüki bu nəzakətsizlikdir. O zamanlar gənc idik, mən də özümə yenicə e-mail açmışdım, yəqin xatırlayırsınız, internet hələ lap yeni idi, kompüter də şəbəkəyə dual-up sistemi, bir zülümlə qoşulurdu... Nəsə, Azad müəllimə etiraz kimi dedim ki, bəs adamlar artıq e-mail ilə bir-birini təbrik edir, heç xoşuna gəlmədi, dedi ki, onu kimsə bu vasitə ilə təbrik etmək istəsə, layiq olduğu cavabı alacaq. Aydındır, onun üçün bu qəbuledilməz idi... Qısası, yeni zaman və onun tələbləri amansız olur, ona uyğunlaşmaq da bəzən çox çətin, hətta mümkünsüzdür. Nəsillər bir-birini əvəz edir və biz öz dövrümüzdə bacardığımız hər şeyi etməliyik ki, gələcək nəsillər bunun əsasında davam edə bilsinlər. Məncə, hər bir sənət insanının ümdə vəzifəsi böyük mədəniyyət sütunlarımızın heç olmasa kiçik bir kərpicinə çevrilə bilməkdir.

– Bir gün “Koroğlu” operasının Berlin səhnəsində nümayiş olunduğunu görsəniz, həmin axşam zalda oturarkən ilk olaraq hansı hissi keçirəcəyinizi düşünürsünüz: peşəkar məmnunluq, milli qürur, yoxsa uzun illik bir arzunun tamamlanması?
– Qürur və iftixar.
P.S. Müsahibənin alınmasında göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirik.
Nigar Xəlilli
17:11 13.10.2026
Oxunuş sayı: 336