Tağıyev irsi səhnədə: “Mesenat” tamaşasının premyerası baş tutdu
Aprelin 11-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan “Mesenat” tamaşasının premyerası olub.
Crossmedia.az xəbər verir ki, ikihissəli musiqili dram Azərbaycanın məşhur neft milyonçusu, ictimai xadim və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edir.
Səhnə əsərində yalnız baş qəhrəmanın çətin və keşməkeşli taleyi deyil, həmçinin onun yaşadığı dövrün mürəkkəb ictimai-siyasi şəraiti, bolşeviklərin hiyləgər planları nəticəsində Bakı milyonçularına qarşı törədilən ailə faciələri əks olunub.
Mesenat (Hacı Zeynalabdin Tağıyev) obrazını teatrın istedadlı aktyoru İbrahim Əlizadə canlandırır.
Tamaşada həmçinin Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Nadir Xasiyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, aktyorlar Hüseyn Əlili, Faiq Mirzəyev, Gültac Əlili, Türkel Tariqpeyma, Nərmin Əliyeva, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Elçin İmanov, Eleonora Mustafayeva, Şaban Cəfərov, Emin Zeynallı, Yuliya Heydərova, Telnaz Hüseynova, Ofeliya Məmmədova, Ayan Qurbanova, Firuzə Cəfərova, İranə Kərimova, Ruslan Mürsəlov, Nəzrin İsmayılzadə, Əli Kərimov, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Nahid İsgəndərzadə, Kamil Cəfərov, Tural Məsimov, Cəlal İsayev, Həmid Həmzəyev, eləcə də teatrın xor və balet artistləri iştirak edirlər.
Tamaşanın quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Məlahət Qasımova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti Çimnaz Bağırovadır.
Musiqili dramın bəstəkarı Əli Əliyevdir. Bununla yanaşı musiqi tərtibatında Yohann (oğul) Ştraus, Salvatore Markezi və Frederik Şopenin əsərlərindən istifadə olunub.
Akademik Musiqili Teatrda “Mesenat”ın növbəti nümayişi aprelin 12-də olacaq.
18:26 12.04.2026
Oxunuş sayı: 64