Rusiya Ermənistan seçkilərinə təsir edir? - Moskvanın mesajı nədir?
Rusiya Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva ölkədə gedən siyasi prosesləri diqqətlə izləyir və rusiyayönümlü qüvvələrin seçkilərdə sərbəst şəkildə iştirak edə biləcəyinə ümid edir.
Onun sözlərinə görə, regionda baş verən proseslər Moskvanın diqqət mərkəzindədir və bu baxımdan Ermənistanda siyasi plüralizmin qorunması vacib hesab olunur.
Bu açıqlama iki ölkə arasındakı münasibətlərin dinamikasını və Rusiyanın regiondakı siyasi proseslərə marağını bir daha nümayiş etdirir.
Bəs maraqlıdır hazırki proseslər nəyi ehtiva eləyir?
Məsəlı ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

– Mariya Zaxarova bildirib ki, Rusiya Ermənistanda keçiriləcək seçkilərdə rusiyayönümlü qüvvələrin iştirak edəcəyini ümid edir. Bu bəyanatı necə qiymətləndirirsiniz?
– Bu bəyanat əslində rəsmi Moskvanın mövqeyini açıq şəkildə ortaya qoyur. Yəni burada gizli heç nə yoxdur. Rusiya göstərmək istəyir ki, Ermənistanda baş verən siyasi prosesləri yaxından izləyir, təsir imkanlarını saxlayır və zərurət yaranarsa, bu proseslərə müəyyən formalarda müdaxilə etmək niyyətindədir. Bu, həm də psixoloji təsir alətidir – yəni “biz buradayıq və prosesi nəzarətdə saxlayırıq” mesajıdır.
– Rusiyanın “rusiyayönümlü qüvvələr” anlayışı konkret olaraq hansı siyasi partiya və ya qrupları əhatə edir və onların real təsir imkanları nə dərəcədədir?
– Bu anlayış ilk növbədə keçmiş hakimiyyətə bağlı siyasi dairələri əhatə edir. Burada Robert Köçəryanın komandası, həmçinin Serj Sarkisyanla əlaqəli qüvvələr və müxtəlif müxalif bloklar nəzərdə tutulur. Bundan əlavə, müəyyən dini və ictimai dairələr – xüsusilə, kilsə strukturlarının bəzi nümayəndələri də bu təsir orbitindədir.
Lakin onların əsas problemi elektorat bazasının zəifliyidir. Ermənistan cəmiyyətində son illər Rusiyaya həddindən artıq bağlı siyasətə qarşı ciddi narazılıq formalaşıb.
Maddi və təşkilati resursları olsa da, geniş ictimai dəstək baxımından bu qüvvələr məhdud imkanlara malikdir.
– Bu açıqlama Ermənistanın daxili işlərinə mümkün müdaxilə kimi qiymətləndirilə bilərmi və beynəlxalq hüquq baxımından necə şərh oluna bilər?
– Formal baxımdan bu, birbaşa müdaxilə deyil, lakin siyasi mesaj xarakteri daşıyır. Beynəlxalq hüquq prinsipinə görə dövlətlərin daxili işlərinə qarışmamaq əsas normadır.
Amma belə bəyanatlar “yumşaq təsir” və ya “siyasi yönləndirmə” kimi qiymətləndirilə bilər. Praktikada böyük dövlətlər tez-tez bu cür ritorikadan istifadə edir və bu artıq beynəlxalq münasibətlər sistemində adi hal kimi qəbul olunur.
– Rusiya Xarici İşlər nazirliyinin bu mövqeyi Ermənistan-Rusiya münasibətlərində hansı yeni tendensiyaları göstərir?
– Bu, açıq şəkildə göstərir ki, İrəvan ilə Moskva arasında münasibətlər əvvəlki kimi deyil. Artıq tərəflər arasında gizli deyil, açıq rəqabət elementi mövcuddur. Nikol Paşinyan hakimiyyəti Rusiyanın təsir dairəsindən çıxmağa çalışır, Rusiya isə əksinə, mövqelərini qorumağa və bərpa etməyə çalışır. Bu isə qarşılıqlı etimadın zəiflədiyini göstərir.
– Bu bəyanat fonunda parlament seçkilərinin legitimliyi və beynəlxalq müşahidəçilərin rolu nə dərəcədə ön plana çıxır?
– Bu kontekstdə beynəlxalq müşahidəçilərin rolu xüsusilə artır. Paşinyan hakimiyyəti çalışacaq ki, Qərb institutlarını – xüsusilə, Avropa İttifaqı və digər beynəlxalq qurumları seçki prosesinə cəlb etsin.
Exit-poll, müşahidə missiyaları və şəffaflıq mexanizmləri seçkilərin legitimliyinin təmin olunmasında əsas alətlərə çevriləcək. Bu həm də Rusiyanın mümkün təsir imkanlarını balanslaşdırmaq məqsədi daşıyır.
– Ümumən qarşıdan gələn parlament seçkilərini necə qiymətləndirirsiniz?
– Bu seçkilər kifayət qədər gərgin və rəqabətli olacaq. Qara piar, dezinformasiya, təbliğat müharibəsi geniş vüsət alacaq. Bu, təkcə Ermənistana xas deyil – müasir siyasi texnologiyaların bir hissəsidir. Əsas mübarizə informasiya müstəvisində gedəcək və seçicinin rəyinə təsir etmək üçün bütün vasitələrdən istifadə olunacaq.
– Zaxarovanın dediklərindən belə nəticə çıxarmaq olarmı ki, Ermənistan hakimiyyəti siyasətini dəyişməsə, Rusiya istədiyinə nail olacaq?
– Bu, o qədər də sadə məsələ deyil. Rusiya ciddi təsir alətlərinə malikdir, lakin Ermənistan cəmiyyətində formalaşan yeni siyasi meyillər də nəzərə alınmalıdır. Əgər daxili sabitlik pozulmasa və ciddi fövqəladə hadisələr baş verməsə, Paşinyan hakimiyyətinin mövqelərini qoruma ehtimalı yüksəkdir.
– Robert Köçəryanın “rasional siyasət” bəyanatı onun Rusiya ilə gizli danışıqlar apardığını göstərə bilərmi?
– Robert Köçəryanın bu cür bəyanatları daha çox siyasi ritorika xarakteri daşıyır. O, hakimiyyətə qayıtmaq üçün bütün mümkün resurslardan istifadə etməyə çalışır. Onun Rusiya ilə əlaqələrinin olması sirr deyil, lakin bunu “gizli danışıqlar” kimi təqdim etmək üçün konkret sübutlar tələb olunur.
Ümumilikdə isə Köçəryanın şansları məhduddur. Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi onun və keçmiş hakimiyyətin siyasətindən narazıdır. Bu səbəbdən seçkilərdə əsas üstünlük yenə də Nikol Paşinyanın rəhbərlik etdiyi qüvvələrin tərəfində görünür.
13:20 11.04.2026
Oxunuş sayı: 116