Paşinyan sülhü ləngidir - sülh müqaviləsi 6 il sonra imzalanacaq
Azərbaycan-Ermənistan münasibətlərində sülh sazişinin imzalanması və ratifikasiyası regionun gələcək təhlükəsizliyi baxımından əsas məsələlərdən biri olaraq qalır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin razılaşdırılmış mətni paraflanıb, tərəflər isə sənədin imzalanması və ratifikasiyası üçün növbəti addımların atılmasının vacibliyini bəyan ediblər. Ermənistanın Baş naziri Nikol Paşinyan indi sazişin 2031-ci ilədək imzalanaraq ratifikasiya olunmasına nail olmağı qarşısına məqsəd qoyduğunu bildirib. Lakin Ermənistanın öhdəliklərini ödədikdən sonra bu il sülh müqaviləsinin imzalanması gözlənilirdi.
Politoloq Zaur Məmmədov Crossmedia.az-a açıqlamasında Paşinyanın bu bəyanatını Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrasının yubadılması kimi qiymətləndirib.
Politoloq hesab edir ki, sülh sazişinin imzalanmasını 2031-ci ilə qədər uzatmağa ehtiyac yoxdur. O, Paşinyanın açıqlamasının bir sıra suallar yaratdığını vurğulayıb: “Nikol Paşinyanın bu bəyanatı böyük suallar ortaya çıxarır. 2031-ci ilə qədər hadisələr dəyişə bilər. Əgər bunu bu gün etmək mümkündürsə, niyə daha altı il gözləmək lazımdır? Göründüyü kimi, Paşinyan sülh müqaviləsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yubadır”.
Politoloq sülh prosesinin irəliləməsinə mane olan məsələlər sırasında Zəngəzur dəhlizi ilə bağlı addımların atılmamasını və digər həllini gözləyən məsələləri qeyd edib: “Zəngəzur dəhlizi ilə bağlı praktiki yolun çəkilişi istiqamətində heç bir addım atılmayıb. Eyni zamanda, referendum və yeni komissiya məsələləri də həll edilməyib. Belə olan təqdirdə, yaxın vaxtlarda sülh müqaviləsinin imzalanması real görünmür”.
Zaur Məmmədovun fikrincə, Paşinyanın 2031-ci ili hədəf göstərməsi Ermənistanın sülh prosesində kifayət qədər fəal davranmadığını nümayiş etdirir. Politoloq hesab edir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsəydi, sülh sazişinin imzalanması daha tez mümkün ola bilərdi: “Əslində, sülh müqaviləsi bu gün imzalana bilərdi, əgər Ermənistan öz öhdəliklərini yerinə yetirsəydi. Bu bəyanat onu göstərir ki, Paşinyan real addımlar atmaq əvəzinə prosesi uzadır. 2027-ci ildən başlayaraq bölgədə yeni proseslər baş verə bilər. Ermənistanın indiki mövqeyi isə onun sülh məsələsində tam səmimi olmadığını bir daha göstərir”.
Nigar Xəlilli
20:50 15.10.2026
Oxunuş sayı: 67