Ermənistanda son sözü xalq deyəcək: Əgər Köçəryan hakimiyyətə gəlsə...
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla dəmir yolu əlaqələrinin regional ticarətin inkişafına töhfə verə biləcəyi ilə bağlı açıqlaması Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsini yenidən gündəmə gətirib. Bu fikir region ölkələri arasında iqtisadi əməkdaşlıq və gələcək inteqrasiya perspektivləri ilə bağlı müzakirələri də aktuallaşdırıb.

Paşinyanın səsləndirdiyi fikirlər barədə politoloq İlqar Vəlizadə Crossmedia.az-a danışıb: "Əgər dəmir yolları, nəqliyyat kommunikasiyaları açılsa, Ermənistan özünü saldığı blokadadan çıxacaq. Bu isə Ermənistan iqtisadiyyatına ciddi şəkildə müsbət təsir göstərəcək. Ona görə də bu aksiomdur. Görünən odur ki, artıq Ermənistan hakimiyyəti dərk etməyə başlayıb və ciddi şəkildə başa düşür ki, müsbət iqtisadi fond olmasa, iqtisadi münasibətlər siyasi addımlarla möhkəmləndirilməsə, bunu etmək mümkün olmayacaq”.
Politoloq Ermənistandan siyasi deyil, konkret addımların gözlənildiyini vurğulayıb: “Artıq Ermənistan cəmiyyəti başa düşür ki, kommunikasiyaların işlək vəziyyətdə olması, xüsusilə də Azərbaycanla, Gürcüstan vasitəsilə bu kommunikasiyaların həyata keçirilməsi vacibdir. Lakin birbaşa kommunikasiyalar açılsa, bu, Ermənistan əhalisinin gündəlik həyatına müsbət təsir göstərəcək. Əgər yaxşı yaşamaq istəyirlərsə, başqalarının dediklərinə diqqət yetirməlidirlər. Yox, əgər yenə də blokadada qalmaq istəyirlərsə, onda seçimi özləri etsinlər: Robert Köçəryanı və ya digər revanşistləri seçib daha da acınacaqlı həyata doğru gedəcəklər”.
Fatimə Məmmədova
20:19 10.04.2026
Oxunuş sayı: 63