ABŞ-İran danışıqları üçün İslamabadda hazırlıq işləri aparılır
Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların keçirilməsi üçün hazırlıq işləri gedir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu məqsədlə şəhərin tanınmış "Serena" hoteli bütün otaqları nümayəndə heyətlərinin gəlişinə qədər boşaltmaq üçün tədbirlər görür.
Məlumata görə, ABŞ və İran atəşkəs elan etdikdən sonra tərəflər danışıqları İslamabadda keçirmək qərarına gəlib. Hələlik görüşün dəqiq məkanı ilə bağlı yekun qərar verilməyib, lakin Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında da hazırlıq işləri aparılır.
İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm bildirib ki, nümayəndə heyəti bu axşam ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada səfər edəcək. Diplomatın açıqlamasına görə, görüş İranın irəli sürdüyü 10 bəndlik plan əsasında keçiriləcək.
Səfir həmçinin qeyd edib ki, İsrail rejiminin diplomatik təşəbbüsü pozmaq məqsədilə atəşkəsi dəfələrlə pozması İran ictimaiyyətində şübhələr yaratsa da, Pakistanın baş naziri Şahbaz Şərifin dəvəti ilə danışıqlar ciddi şəkildə aparılacaq.
Danışıqların nəticələri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənir, regionda sülh və stabilliyin bərqərar olması baxımından böyük əhəmiyyət kəsb edir.
15:27 09.04.2026
Oxunuş sayı: 44