Azərbaycanlı professor Corc Vaşinqton Universitetinin prorektoru təyin olunub
ABŞ-də yaşayan azərbaycanlı alim və təhsil mütəxəssisi Sevinc Məmmədova Corc Vaşinqton Universitetinin prorektoru təyin olunub.
Crossmedia.az xəbər verir ki,bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, 15 ildən artıq təhsil, beynəlxalq inkişaf və tədqiqat sahəsində təcrübəyə malik olan Sevinc Məmmədova bu təyinatadək universitetdə dekan müavini vəzifəsində çalışıb. O, Texas-Arlinqton Universitetində magistr, Corc Vaşinqton Universitetində isə Təhsil Administrasiyası və Siyasəti üzrə doktorluq təhsili alıb.
Professor Sevinc Məmmədova Azərbaycan və ABŞ universitetləri arasında akademik əməkdaşlığın inkişafına mühüm töhfələr verib. Onun təşəbbüsü ilə Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında yaradılan magistr proqramı çərçivəsində 2020-ci ildə ilk tələbə qəbulu həyata keçirilib. O həmçinin 2025-ci ildə Corc Vaşinqton Universiteti ilə Bakı Dövlət Universiteti arasında elmi-tədqiqat, akademik mübadilə və ikili diplom proqramları üzrə əməkdaşlıq imkanlarının müzakirəsində iştirak edib. Soydaşımız ABŞ-də fəaliyyət göstərən azərbaycanlı alim və tədqiqatçıları bir araya gətirən Amerika Azərbaycanlı Akademiklər Şəbəkəsinin təsisçilərindəndir. Şəbəkə çərçivəsində Stanford, Berkli Kaliforniya və Corc Vaşinqton universitetləri də daxil olmaqla, ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrində elmi forum və konfranslar təşkil olunub. Sevinc Məmmədova, eyni zamanda Dünya Azərbaycanlı Alimlər Birliyinin üzvüdür.
Onun fəaliyyəti Azərbaycan alimlərinin beynəlxalq akademik mühitdə təmsilçiliyinin gücləndirilməsinə, Azərbaycan və ABŞ ali təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsinə, eləcə də diaspor alimlərinin vahid akademik şəbəkə ətrafında birləşdirilməsinə xidmət edir.
20:03 10.09.2026
Oxunuş sayı: 49