Bursada “Xarıbülbüldən laləyə: qardaşlıq bağları” sərgisinin açılışı keçirilib
Türkiyənin Bursa şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunan “Xarıbülbüldən laləyə: qardaşlıq bağları” adlı əl işləri sərgisinin açılışı keçirilib.
Crossmedia.az xəbər verir ki, Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzinin “Osmangazi” salonunda təşkil olunan sərgi Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin (BAİDD) təşəbbüsü, Bursa Böyükşəhər Bələdiyyəsinin, Bursa Şəhər Şurasının və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının dəstəyi ilə baş tutub.
Sərginin əsas məqsədi iki qardaş xalqın mədəni irsinin, milli sənət nümunələrinin və qadın sənətkarların yaradıcılığının tanıdılması, eləcə də sənət vasitəsilə Azərbaycan-Türkiyə həmrəyliyinin daha da möhkəmləndirilməsidir.
Açılış mərasimində Azərbaycanın İstanbul şəhərindəki Baş konsulu Zamin Əliyev, AK Partiya Bursa millət vəkilləri Emine Yavuz Gözgeç, Osman Mesten, Bursa Böyükşəhər Bələdiyyəsi sədrinin müavinləri Kevser Öztürk, Numan Çakır, Bursa Şəhər Şurasının sədri Orhan Samast, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası sədrinin müşaviri Pərviz Məmmədzadə, Bursa Mədəniyyət və Turizm İdarəsinin müdiri Kamil Özer, Bursa Miqrasiya İdarəsinin müdiri Haşim Özcan, BAİDD sədri Lətifə Nağdəliyeva, qeyri-hökumət təşkilatlarının nümayəndələri və çoxsaylı sənətsevərlər iştirak edib.
Çıxışçılar Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan tarixi-mədəni bağların əhəmiyyətini vurğulayıb, bu cür layihələrin qardaşlıq münasibətlərinin daha da inkişafına xidmət etdiyini bildiriblər.
Sərgidə rəssamlar Ramila Özden və Emine Yılmazın əl işləri nümayiş olunub. Əsərlərdə Azərbaycan və Anadolu mədəniyyətinin zəngin irsi, milli ornamentlər, ənənəvi naxışlar və xalqlarımızın ortaq mənəvi dəyərləri öz əksini tapıb.
Açılış mərasimi bədii proqramla davam edib. Rəqs müəllimi Yalçın Abbasovun tələbəsi Ülkü Özcanın ifasında təqdim olunan “Ağ çiçəyim” rəqsi, eləcə də Bursa Böyükşəhər Bələdiyyəsi Konservatoriyasının müəllimi Hamit Gazigilin canlı tar ifası iştirakçıların marağı ilə qarşılanıb. Qonaqlara Azərbaycan paxlavası təqdim edilib.
Qarabağın azadlıq və Zəfər rəmzi sayılan xarıbülbül ilə Anadolu mədəniyyətinin simvollarından biri olan laləni bir araya gətirən sərgi iki qardaş xalqın ortaq tarixini, mədəni yaxınlığını və sarsılmaz dostluğunu sənətin dili ilə təqdim edir. Mədəni irsin qorunması, milli sənət ənənələrinin gələcək nəsillərə ötürülməsi və qadın sənətkarların yaradıcılığının təşviqi baxımından mühüm əhəmiyyət daşıyan sərgi noyabrın 8-dək ziyarətçilər üçün açıq olacaq.
13:43 04.11.2026
Oxunuş sayı: 30