Məşqdən sonra kameraya tuş gəldi - Tennisçi üzr istədi
Amerikalı tennisçi Cessika Pequla rusiyalı tennisçi Mirra Andreyeva haqqında səsləndirdiyi xoşagəlməz fikirlərin təsadüfən efirə düşməsindən sonra ondan üzr istəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Məlumata görə, Pequla WTA-nın Yekun Turnirinin başlanması ərəfəsində Andreyeva ilə birgə məşq edib. Məşqdən sonra kameralar amerikalı tennisçinin məşqçisi ilə söhbətini qeydə alıb. Həmin danışıq zamanı Pequla Andreyeva və onun komandası haqqında mənfi fikirlər səsləndirib.
Tennisçinin ətrafından bildirilib ki, Pequla söhbətin qeydə alındığını bilməyib və danışığın ictimailəşəcəyini gözləməyib. Hadisədən sonra o, Andreyeva ilə əlaqə saxlayaraq üzr istəyib.
Qeyd edək ki, Andreyeva karyerasında ilk dəfə WTA-nın Yekun Turnirində fərdi yarışda iştirak edəcək. Turnir noyabrın 8-dən 15-dək keçiriləcək.
Andreyeva 2026-cı ildə “Roland Qarros” turnirinin qalibi olub. O, həmçinin 2024-cü ildə Fransa Açıq Çempionatında yarımfinala yüksəlib, 2025-ci ildə isə Avstraliya Açıq Çempionatı və Fransa Açıq Çempionatında cütlüklər arasında yarımfinal oynayıb. Tennisçi indiyədək altı WTA turnirinin qalibi olub. O, rusiyalı Diana Şnayderlə birlikdə 2024-cü il Paris Olimpiadasında cütlüklər yarışında gümüş medal qazanıb.
23:27 05.11.2026
Oxunuş sayı: 63