İğdırda 8 Noyabr – Zəfər Günü coşqusu
8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Türkiyə
Respublikasının İğdır şəhərində silsilə tədbirlər keçirilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfəri qeyd etmək üçün İğdır şəhərinin mərkəzində
minlərlə insanın qatıldığı yürüş olub.
İştirakçılar İğdır şəhərinin əsas küçə və prospektləri
boyunca hərəkət edərək Azərbaycan və Türkiyənin Dövlət bayraqlarını
dalğalandırıblar.
Yüksək əhval-ruhiyyə və böyük coşqu ilə keçən yürüşdə tarixi Qələbənin regionda yeni reallıqlar
yaratdığı, 8 Noyabr – Zəfər Gününün isə xalqımızın qəhrəmanlıq salnaməsinin ən
şanlı səhifələrindən biri olduğu vurğulanıb. “Bir millət, iki dövlət” şüarı
səsləndirilərək sarsılmaz həmrəylik nümayiş etdirilib.
İğdırda Azərbaycanın Vətən müharibəsində qazandığı
tarixi qələbənin altıncı ildönümünə həsr olunan daha bir təntənəli tədbir
keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin, Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun, İğdır
Valiliyinin və İğdır Azərbaycan Evinin birgə təşkilatçılığı ilə keçirilən
tədbirdə Türkiyənin dövlət və ictimaiyyət nümayəndələri, diaspor fəalları,
şəhid ailələrinin üzvləri və şəhər sakinləri iştirak edib.
Tədbir hər iki ölkənin Dövlət himnlərinin
səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə
başlayıb.
Ardınca Qarabağ müharibəsində qazanılan tarixi qələbədən,
Şuşanın azad edilməsindən və Xarıbülbülün xalqımızın milli birliyinin, Zəfərin
və şəhidlərimizin əziz xatirəsinin rəmzinə çevrilməsindən bəhs edən sənədli
film nümayiş olunub.
Sonra Azərbaycanın Qarsdakı Baş konsulu Qoşqar
Zeynalov, 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirlərində Ağdam
istiqamətində şəhid olan baş leytenant Elçin İbrahimlinin anası Aynurə
İbrahimli və İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar çıxış edib. Çıxışlarda
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44
günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən bəhs olunub,
torpaqlarımızın işğaldan azad edilməsinin xalqımızın milli iradəsinin,
birliyinin və həmrəyliyinin təntənəsi olduğu vurğulanıb. Eyni zamanda,
Azərbaycan ilə Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin, ortaq
tarix, milli və mənəvi dəyərlərin əhəmiyyətinə diqqət çəkilib.
Bildirilib ki, Zəfər Günü yalnız Azərbaycanın
deyil, bütün Türk dünyasının qürur və sevinc günüdür.
Bədii hissədə Naxçıvan Dövlət Filarmoniyasının
Mahnı və Rəqs Ansamblının konsert proqramı təqdim olunub. Azərbaycan musiqi
nümunələri və milli rəqslər iştirakçılara bayram əhval-ruhiyyəsi yaşadıb.
Tədbir çərçivəsində İğdır Valiliyinin təşkil etdiyi
“Xarıbülbül” sənətkarlıq sərgisi də iştirakçıların marağı ilə qarşılanıb.
Sərgidə Azərbaycan xalqının zəngin mədəni irsini, milli sənətkarlıq ənənələrini
və Qarabağın rəmzlərini əks etdirən əl işləri nümayiş olunub.
İğdırda keçirilən silsilə
tədbirlər Azərbaycanın Zəfər sevincinin Türkiyədə yaşayan soydaşlarımız və
qardaş ölkənin ictimaiyyəti ilə bölüşülməsi, Azərbaycan–Türkiyə qardaşlığının,
milli həmrəyliyin və ortaq dəyərlərin bir daha nümayiş etdirilməsi baxımından
xüsusi əhəmiyyət daşıyıb.
10:23 07.11.2026
Oxunuş sayı: 101