Hər damlası təhlükə saçır? – Çox isti çay və qəhvənin GİZLİ RİSKİ
Çox isti çay və qəhvə istehlakı ilə bağlı əsas risk içkinin tərkibindən çox temperaturu ilə əlaqələndirilir. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) 65°C-dən yuxarı temperaturda içilən çox isti içkiləri qida borusu xərçəngi ilə əlaqəli və insanlar üçün “ehtimal olunan kanserogen” amil kimi qiymətləndirir. Araşdırmalar göstərir ki, yüksək temperatur qida borusunun selikli qişasında istilik zədələnməsinə səbəb ola bilər.
Terapevt Xumar Novruzova çox isti içkilərin müntəzəm qəbulunun sağlamlığa mümkün təsirləri barədə Crossmedia.az-a açıqlamasında bildirib: “Çox isti çay, qəhvə və digər içkilərin müntəzəm qəbulu ilk növbədə ağız boşluğu, udlaq və qida borusunun selikli qişasına zərər verə bilər. Yüksək temperatur selikli qişada təkrarlanan istilik zədələnməsi və xroniki qıcıqlanma yaradır. Araşdırmalar çox isti içkilərin, xüsusilə 65°C-dən yuxarı temperaturda müntəzəm qəbulunun qida borusu xərçəngi riskinin artması ilə əlaqəli ola biləcəyini göstərir”.

Terapevt qeyd edib ki, burada əsas məqam içkinin növü deyil, temperaturudur: “İçkinin çay, qəhvə və ya başqa içki olması deyil, əsasən nə qədər isti qəbul edilməsidir. Buna görə qaynar içkini dərhal içmək əvəzinə bir qədər soyumasını gözləmək məsləhətdir. Praktik olaraq, ağızda yanma və narahatlıq yaratmayan, təxminən 60°C-dən aşağı temperaturda içkilərin qəbulu daha təhlükəsiz hesab olunur”.
Xumar Novruzova vurğulayıb ki, isti içkilərdən tamamilə imtina etməyə ehtiyac yoxdur: “Əsas məsələ onları həddindən artıq qaynar şəkildə və davamlı olaraq qəbul etməməkdir”.
Nigar Xəlilli
18:30 10.09.2026
Oxunuş sayı: 41