Britaniyalı veteranların ruslara hərbi təlim keçdiyi iddia olunur
Qərb ölkələrindən olan keçmiş hərbçilərin, o cümlədən Britaniya SAS və ABŞ xüsusi təyinatlı qüvvələrinin sabiq döyüşçülərinin Rusiya vətəndaşlarına döyüş hazırlığı keçdiyi iddia edilir.
Crossmedia.az xəbər verir ki, “The Telegraph” bu barədə Avstraliya kəşfiyyatının məxfi sənədinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət Avstraliya Kəşfiyyat Xidmətinin (ASIS) “yüksək əminliklə” hazırlanmış məxfi qeydindən gedir.
Avstraliya xüsusi təyinatlı qüvvələrinin sorğu keçirilmiş keçmiş əməkdaşlarının bildirdiyinə görə, təlimlər Serbiya və Bolqarıstandakı kommersiya mərkəzlərində təşkil olunub.
Bolqarıstanın “Alfa-Metal” şirkətinin adının da bu iddialarda keçdiyi bildirilir. Məlumata görə, şirkət bir nəfər üçün 4 min avroya snayper hazırlığı və yaxın döyüş üzrə kurslar təşkil edib. İddialara əsasən, şirkət 2025-ci ildə də Rusiyadan olan müştəriləri qəbul edib.
“The Telegraph”ın məlumatında şirkətin britaniyalı təlimatçıların xidmətlərini reklam etdiyi və daha əvvəl Rusiyanın “Alfa Region” adlı mühafizə strukturu ilə əməkdaşlıq etdiyi də qeyd olunur.
“Alfa-Metal” isə rusiyalılara təlim keçdiyini və müharibə başladıqdan sonra SAS əməkdaşlarını işə götürdüyünü qəti şəkildə təkzib edib.
Britaniya xüsusi təyinatlı qüvvələrindəki mənbələr də həmkarlarının bu fəaliyyətə cəlb olunmasına şübhə ilə yanaşıb və belə bir addımın xidmətin dəyərlərinə zidd olduğunu bildiriblər.
Britaniyanın Müdafiə Nazirliyi məsələyə münasibət bildirməkdən imtina edib. Avstraliya kəşfiyyatı isə əldə olunan məlumatların “Beş Göz” alyansına təqdim edilməsi üçün araşdırmanı davam etdirir.
19:43 10.09.2026
Oxunuş sayı: 49