Gömrükdə yeni qaydalar: Bu mallar üçün bəyannamə tələb olunacaq
Azərbaycanda gömrük sərhədindən mal keçirən fiziki şəxslər üçün bəyanetmə qaydaları dəyişir. Nazirlər Kabinetinin qərarına əsasən, müəyyən hallarda “Qırmızı kanal”dan keçən və kommersiya məqsədi daşımayan, lakin bəyan edilməsi tələb olunan malları olan şəxslər sadələşdirilmiş bəyannamə təqdim etməli olacaqlar. Bəyannamənin həm kağız, həm də elektron formada verilməsi mümkün olacaq.
Yeni qaydalar çərçivəsində güzəşt həddini aşan mallar, qiymətli metallar və daşlar, valyuta və qiymətli kağızlar, müəyyən məbləğdən yuxarı milli valyuta, dini məzmunlu materiallar, silah-sursat və ölkəyə gətirilən mobil cihazlar barədə məlumatların bəyannamədə göstərilməsi nəzərdə tutulur. Dəyişikliklər qərar imzalandıqdan 30 gün sonra qüvvəyə minəcək.
İqtisadçı Elçin Rəşidov gömrük rüsumlarında dəyişiklik nəzərdə tutulmadığını Crossmedia.az-a açıqlamasında bildirib: “Gömrük rüsumlarında dəyişiklik nəzərdə tutulmur. Yəni burada xərc məsələsi, dəyişiklik yoxdur. Fiziki şəxs əvvəl mal gətirirdi sadələşdirilmiş qaydada. Güzəştli limit var və həmin hədd artıq olduqda mal bəyan edilməlidir. Orada sadələşdirilmiş bəyannamə qaydası var. Bu, hazırda yeni qayda və ya yeni rüsum tələb etmir”.

İqtisadçının sözlərinə görə, əsas dəyişiklik bəyan edilməli mallara nəzarətin gücləndirilməsi ilə bağlıdır: “Əvvəl bəyan edilmədən keçirilən belə malları indi artıq rəsmiləşdirmək tələb olunur. Yəni yeni rüsum yoxdur, sadəcə əvvəl vətəndaş müəyyən malları bəyan etmədən keçirə bilirdi. İndi bir az ona nəzarət güclənir. Şəxsi istifadə üçün gətirilən mallara görə əlavə gömrük ödənişi yenə də yoxdur. Güzəşt həddinin miqdarında da dəyişiklik yoxdur. Sadəcə kommersiya xarakterli mallar indi daha çox nəzarət edilməklə bəyannaməyə salına bilir. Bura, məsələn, smartfonlar, zinət əşyaları, valyuta və bir ədəddən artıq gətirilən mallar daxildir”.
Elçin Rəşidov vurğulayıb ki, əlavə xərc yalnız bəyan edilməli malın güzəşt limitini aşdığı halda yarana bilər: “Əslində xaricdən mal gətirməyin rüsumu artırılmır. Amma bəyan edilmənin daha çox nəzarət altına alınması və gömrük nəzarətinin daha dəqiq həyata keçirilməsi səbəbindən bəyanların miqdarının artacağı gözlənilir. Vətəndaşların bir hissəsinin bəyan etmədən keçirdiyi mallar indi bəyan edilməli olacaq və əgər güzəşt limitini aşırsa, həmin hissəyə rüsum ödənilməli olacaq. Yəni artım, əlavə xərc bundan ibarət olacaq”.
Nigar Xəlilli
19:30 10.09.2026
Oxunuş sayı: 51