Zəngəzur dəhlizi açılır - Detallar məlum oldu
Azərbaycan Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib ki, Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir. Əli Əsədovun çıxışı göstərir ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin etmir, eyni zamanda bütün türk dünyasının birləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Baş nazir vurğulayıb ki, Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsi, sərhəd-gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal həllərin tətbiqi və tarif siyasətinin uyğunlaşdırılması vacibdir. Bu layihə, həm regional inteqrasiyanı gücləndirir, həm də geniş coğrafiyada yeni nəqliyyat və kommunikasiya imkanlarının açılmasına töhfə verir.
Mövzu ilə bağlı Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı Crossmedia.az-a açıqlama verib:

"Bu, mətbuatda geniş müzakirə olunan bir məsələdir. Buna indi əlavə olaraq yeni nəsə demək çətindir. Bu layihə Türkiyə ilə Azərbaycanı birləşdirən mühüm bir xəttdir. Azərbaycan Xəzər üzərindən çıxaraq Türkmənistana, Qazaxıstana, Özbəkistana, ümumilikdə Türküstana – yəni Mərkəzi Asiyaya bağlanır. Bu əlaqə Azərbaycan üzərindən Türkiyəyə, Türkiyə vasitəsilə isə Avropaya qədər uzanır. Söhbət faktiki olaraq Orta Dəhlizdən – yəni orta yoldan gedir. Hazırda cənub istiqamətində müharibələr səbəbindən bir çox yollar bağlıdır. Eyni zamanda, digər alternativ marşrutlarda da müxtəlif problemlər mövcuddur – məsələn, şimalda Rusiya-Ukrayna müharibəsi səbəbindən yolların fəaliyyəti məhdudlaşıb. Bu baxımdan, Azərbaycan üzərindən keçən bu marşrutun əhəmiyyəti daha da artır".
S.Rüstəmxanlı əlavə edib ki, bu layihə strateji, milli və mənəvi baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edir: "Ən azı Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqənin qurulması mümkün olur. Gediş-gəliş, dəmir yolu və quru nəqliyyat xətləri birləşdirilir, ardınca isə Türkiyə ilə bağlantı təmin edilir. Türkiyə artıq bu istiqamətdə dəmir yolu xətlərinin çəkilişinə başlayıb və bu proses sürətlə davam etdirilir. Qısa bir məsafə qaldıqdan sonra yolun tam tamamlanması ilə layihə bütövlükdə reallaşmış olacaq. Nəticədə, Mərkəzi Asiyadan gələn yüklər birbaşa Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya daşına biləcək. Bu layihənin əhəmiyyəti kifayət qədər aydındır və geniş izaha, əslində, böyük ehtiyac yoxdur. Bu, artıq hər kəsə məlum olan və göz önündə olan bir reallıqdır".
Ayhan
11:35 04.04.2026
Oxunuş sayı: 2202