Görünməz təhlükə qapıdadır - Meymunçiçəyi və bioterror qorxusu artır!
Son illərdə qlobal səhiyyə gündəmini zəbt edən meymunçiçəyi (Mpox) virusu və sürətlə yayılan digər infeksiyalar bəşəriyyəti yeni biotəhlükəsizlik çağırışları ilə üz-üzə qoyur. Poxviruslar qrupuna aid olan və əsasən hayvanlardan insana, nadir hallarda isə insandan insana keçən bu zoonoz infeksiya təkcə fərdi sağlamlıq üçün deyil, bütövlükdə cəmiyyət üçün ciddi risk mənbəyidir. Bədən mayeləri, dəri yaraları və yaxın təmas vasitəsilə ötürülən Mpox virusunun inkubasiya dövrü 5 gündən 3 həftəyə qədər davam edir, klinik əlamətləri isə 4 həftəyə qədər uzana bilir. Yüksək qızdırma, güclü baş və əzələ ağrıları, limfa düyünlərinin şişməsi və bədəndə əmələ gələn qaşıntılı qabarcıqlarla müşayiət olunan bu xəstəlik zəif immunitetli və yanaşı xəstəlikləri olan şəxslərdə ağır fəsadlara yol açır. Bütün bunlarla yanaşı, dünyada vərəm, vəba, taun kimi infeksiyaların süni yayılması və bioterror riskləri xüsusi narahatlıq doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla meymunçiçəyi virusunun xüsusiyyətlərini, epidemioloji riskləri və qlobal biotəhlükəsizlik məsələlərini diqqətə çatdırıb:

"Meymunçiçəyi virusu poxviruslar qrupuna aiddir. Əsasən heyvanlardan insana, nadir hallarda isə insandan insana keçə bilən zoonoz infeksiyadır. Təbii rezervarları əsasən heyvanlardır. Meymunların, gəmiricilərin bədən mayeləri, qanı, dəri yaraları, həmçinin yaxşı bişməmiş əti vasitəsilə insana yoluxa bilər. İnsandan insana yoluxma isə xəstə şəxslə yaxın təmas zamanı baş verir. İnkubasiya dövrü adətən 5 gündən 3 həftəyə qədər davam edir, klinik əlamətləri isə 4 həftəyə qədər sürə bilir. Xəstəlik qızdırma, güclü baş, əzələ və oynaq ağrıları, yorğunluq, halsızlıq və limfa düyünlərinin şişməsi kimi ümumi intoksikasiya əlamətləri ilə başlayır, 3 gün sonra isə bədəndə qaşıntılı səpgilər və qabarcıqlar əmələ gəlir. Adətən xüsusi ağırlaşmalar olmadan sağalsa da, zəif immunitetli və komorbid şəxslərdə ağır fəsadlar verə bilər."
Professor profiaktik tədbirlərin və bioterror risklərinə qarşı qlobal diqqətin vacibliyini xüsusi vurğulayıb:
"Xəstəlik baş verən ərazilərdə lokalizasiya və karantin tədbirləri aparılmalı, infeksiyanın yayılması dərhal dayandırılmalıdır. Dünyada və xüsusilə bəzi regionlarda taunun və ya digər infeksiyaların bakterioloji silah kimi tətbiq olunması ilə bağlı müəyyən şübhələr mövcuddur. Xüsusilə 4 karantin infeksiyasından biri olan taunun İrkutskda yayılması ciddi narahatlıq doğurur. Nəzərə almaq lazımdır ki, təbii çiçək xəstəliyinə qarşı 46 yaşdan aşağı şəxslər vaksinasiya olunmayıb, çünki 1980-ci illərdən etibarən bu peyvəndləmə dayandırılıb. Vəba və qızdırma kimi sürətlə pandemiya yaratmaq potensialı olan infeksiyaların yayılma qorxusu var. Bu səbəbdən bioterror risklərinə qarşı Dünya Səhiyyə Təşkilatı və dövlətlər daha diqqətli və hazırlıqlı olmalıdırlar".
Zeynəb Həsən
15:00 17.10.2026
Oxunuş sayı: 124