Sərnişinlərdən küsən sürücüləri hansı cəza gözləyir? - Hüquqşünas açıqladı
Paytaxtda sərnişindaşıma sahəsində sürücülərin xidmət keyfiyyəti və etik davranış qaydalarını pozması ilə bağlı şikayətlər səngimək bilmir. Son olaraq 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsünün sərnişinlə mübahisə edərək idarəetməni müvəqqəti saxlaması və digər sərnişinlərin vaxt itkisinə səbəb olması kəskin narazılıq doğurub. Bu hal neçənci dəfədir ki, yaşanır və sürücülər sərnişinlər sürücülərin küsməsindən və bunun vaxt itkisinə səbəb olmasından narazıdır.
İctimai nəqliyyatda bu cür halların hüquqi tərəfləri və sürücülərin məsuliyyəti ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-a açıqlama verib.

Hüquqşünas bildirib ki, qanunvericilik sürücünün üzərinə sərnişinləri son ünvana qədər çatdırmaq öhdəliyi qoyur:
“Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, sərnişindaşıma xidmətlərini həyata keçirən sürücü vətəndaşlara marşrut üzrə sonuncu ünvana qədər xidmət göstərməyə borcludur. Həmin qanunun 34.0.1-ci maddəsinə əsasən, sürücü üzərinə düşən vəzifələri icra etməlidir. Əgər bu öhdəliklər icra olunmazsa, sürücü və ya daşıyıcı sərnişinlərə vurulmuş zərərin əvəzini qanunun 34.0.5-ci maddəsinə uyğun olaraq ödəməlidir".
R.Süleymanov vurğulayıb ki, qanunsuz davranışlara görə həm inzibati cəza, həm də maddi məsuliyyət nəzərdə tutulur:
"Avtomobil nəqliyyatı haqqında" Qanunun 36-cı maddəsinə əsasən, sürücü həm də maddi məsul şəxsdir. Vətəndaşlara vurulmuş zərərə birbaşa cavabdeh daşıyıcı olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun şəkildə inzibati qaydada cərimə oluna bilər. Eyni zamanda vətəndaşlar sürücülərin bu cür qeyri-qanuni davranışlarından Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) şikayət etməklə baş vermiş pozuntu barədə məlumat verə bilərlər".
Fatimə Cabbarlı
18:30 17.10.2026
Oxunuş sayı: 152