Polşada on minlərlə insan Konstitusiya Məhkəməsinin qarşısında etiraz edir
Polşanın paytaxtı Varşavada on minlərlə insan Konstitusiya Məhkəməsinin qarşısında etiraz aksiyası keçirərək hakimlərin təyinatı ilə bağlı proseslərin dayandırılmasını tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Aksiyada Varşava və ölkənin digər bölgələrindən gələn sakinlər, eləcə də əsas müxalifət partiyası olan “Hüquq və Ədalət”in nümayəndələri iştirak edirlər. Partiyanın sədri Yaroslav Kaçinski də mitinqə qatılıb. Etirazçılar “Konstitusiya Məhkəməsindən əlinizi çəkin!” şüarını səsləndirirlər.
Aksiya iştirakçıları məhkəmə binasının qarşısında çadır şəhərciyi qurublar. Onlar hakimiyyət koalisiyasına yaxın hesab etdikləri şəxslərin hakim vəzifələrinə təyin edilməsinə qarşı çıxırlar.
Etirazlara səbəb yeni hakim Maciej Berek-in təyinatı ətrafında yaranan mübahisədir. Polşa parlamenti onu hakim vəzifəsinə seçsə də, Prezident Karol Navrotski onun andını qəbul etməkdən imtina edib. Bundan sonra Berek dövlət başçısının iştirakı olmadan parlamentdə and içib.
Konstitusiya Məhkəməsinin sədri Boqdan Svençkovski isə bu andı tanımayıb və Berek-in vəzifəsinin icrasına başlamasına icazə verməyib. Prokurorluq Svençkovskinin hərəkətlərini qanunsuz hesab edərək araşdırmaya başlayıb. Hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün müşahidə kameralarının görüntüləri götürülüb.
Mitinqdə çıxış edən Kaçinski Baş nazir Donald Tuskun rəhbərlik etdiyi hökuməti ölkənin məhkəmə sisteminə nəzarəti ələ keçirməyə çalışmaqda ittiham edib.
Aksiya keçirilən ərazidə polis qüvvələri gücləndirilmiş rejimdə xidmət aparır. Konstitusiya Məhkəməsinin yerləşdiyi Yan Kristian Şux xiyabanında nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.
19:05 17.10.2026
Oxunuş sayı: 67