Nigar Məmmədova: Füzulinin bərpası Böyük Qayıdışın mühüm mərhələsidir
17 oktyabr Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümü və Füzuli Şəhəri Günü kimi qeyd olunur. 2020-ci il oktyabrın 17-də, Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad edərək bölgədə yeni mərhələnin əsasını qoydu. Bu tarixi günün əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli Şəhəri Günü elan edildi.
İşğal illərində ciddi dağıntılara məruz qalan Füzulidə hazırda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Şəhərdə yaşayış evləri, sosial obyektlər və infrastruktur yenilənir, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir. 2023-cü il avqustun 18-də Füzuliyə ilk sakinlərin qayıdışı şəhərin dirçəlişində mühüm mərhələ oldu. Füzuli Şəhəri Günü həm tarixi qələbənin, həm də azad edilmiş torpaqlarda həyatın bərpasının rəmzi kimi qeyd edilir.
Milli Məclisin deputatı Nigar Məmmədova Füzuli Şəhəri Günü ilə bağlı Crossmedia.az-a açıqlamasında şəhərin işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən, aparılan bərpa-quruculuq işlərindən və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışından danışıb.
Deputat Füzulinin azad edilməsini Vətən müharibəsinin mühüm hərbi-siyasi hadisələrindən biri kimi qiymətləndirib: “2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin ən mühüm hadisələrindən biri idi. Uzun illər ərzində qurulmuş müdafiə xətlərinin yarılması Azərbaycan Ordusunun yüksək peşəkarlığını, döyüş hazırlığını və sarsılmaz iradəsini nümayiş etdirdi. Bu qələbə sonrakı hərbi əməliyyatların uğurla davam etdirilməsi üçün mühüm strateji imkanlar yaratdı”.
Nigar Məmmədova qeyd edib ki, Füzulinin azad edilməsindən sonra şəhərdə yeni inkişaf mərhələsinin əsası qoyulub. Onun sözlərinə görə, həyata keçirilən infrastruktur layihələri bölgənin iqtisadi və sosial potensialının gücləndirilməsində mühüm rol oynayır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzulidə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu, müasir enerji infrastrukturu, yaşayış kompleksləri və sosial obyektlər şəhərin gələcək inkişafının əsasını təşkil edir. Cəmi səkkiz aya inşa edilən Füzuli Beynəlxalq Hava Limanı Qarabağın beynəlxalq nəqliyyat-logistika sisteminə inteqrasiyasına, iqtisadi və turizm imkanlarının genişlənməsinə töhfə verir”.
Deputat Füzulinin şəhərsalma baxımından da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Füzulinin bərpası ilk şəhərsalma layihəsinin uğurla icra olunması baxımından nümunədir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan müasir, rahat və dayanıqlı yaşayış mühitinin yaradılmasını nəzərdə tutur. Burada məqsəd yalnız dağıdılmış şəhəri yenidən qurmaq deyil, sakinlərin rahat yaşayışı üçün bütün zəruri imkanları təmin etməkdir”.
O, Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən köç prosesinin Füzulinin dirçəlişinin əsas göstəricilərindən biri olduğunu bildirib: “Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması illərlə davam edən həsrətin sona çatması deməkdir. 2023-cü ilin avqustundan başlanan köç prosesi nəticəsində 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, ümumilikdə 3153 nəfər köçürülüb. Şəhərin bərpası ilə yanaşı, burada insanların daimi və təhlükəsiz yaşayışı üçün şəraitin yaradılması da xüsusi əhəmiyyət daşıyır”.
Nigar Məmmədova Füzulidə yaradılan təhsil və mədəniyyət müəssisələrinin Azərbaycanla türk dövlətləri arasında həmrəyliyin göstəricisi olduğunu da qeyd edib: “Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb və Qazaxıstanın dəstəyi ilə yaradılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaşlıq münasibətlərinin və qarşılıqlı dəstəyin əyani ifadəsidir. Bu layihələr həm də azad edilmiş ərazilərin bərpasında beynəlxalq həmrəyliyin əhəmiyyətini göstərir”.
Deputatın sözlərinə görə, Füzulinin bərpası prosesində qarşıya çıxan əsas problemlərdən biri mina təhlükəsidir: “Ərazilərin minalarla çirkləndirilməsi insanların təhlükəsiz qayıdışına və quruculuq işlərinə ciddi maneə yaradır. Mina təhlükəsinin aradan qaldırılması, tarixi-mədəni irsin qorunması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi Füzulinin davamlı inkişafı üçün vacib şərtlərdir”.
Nigar Məmmədova Füzuli Şəhəri Gününün tarixi qələbənin yaddaşlarda yaşadılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, şəhərdə aparılan bərpa işləri və sakinlərin mərhələli şəkildə doğma yurdlarına qayıtması Füzulinin gələcək inkişafına möhkəm zəmin yaradır.
Nigar Xəlilli
16:50 17.10.2026
Oxunuş sayı: 64