Bu iki içki gecə yuxusunu pozur
Axşam saatlarında spirtli içkilərdən, qəhvədən və digər kofeinli içkilərdən istifadə yuxunun keyfiyyətini poza və gecə ərzində tez-tez oyanmağa səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru”ya Avropa Tibb Mərkəzinin nevroloq və somnoloqu Nikolay İlyin məlumat verib.
Həkimin sözlərinə görə, spirtli içkilər insanın daha tez yuxuya getməsinə kömək etsə də, yuxunun təbii strukturunu pozur. Qanda etanolun miqdarı azaldıqca yuxu parçalanır, bərpaedici REM mərhələsi zəifləyir və insan gecə daha tez-tez oyanır. Nəticədə səhər yorğunluq və halsızlıq hissi yarana bilər.
İlyin əlavə edib ki, spirtli içkilər yuxu apnesinin əlamətlərini də ağırlaşdıra bilər.
Nevroloq günün ikinci yarısında qəhvə və digər kofein tərkibli içkilərin qəbulundan da çəkinməyi tövsiyə edib. O bildirib ki, kofein orqanizmdə yuxululuq hissi yaradan adenozinin təsirini bloklayır.
Həkimin sözlərinə görə, kofeinin orqanizmdə yarıparçalanma müddəti təxminən beş saatdır, bəzi insanlarda isə bu müddət daha uzun ola bilər. Buna görə də günortadan sonra içilən bir fincan qəhvə və ya tünd çay belə gecə yuxusunun keyfiyyətinə mənfi təsir göstərə bilər.
19:07 17.10.2026
Oxunuş sayı: 58