Sülh sazişi nə zaman imzalanacaq? Deputatlar Ermənistanın öhdəliklərindən danışdı
Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişə baxmayaraq, münasibətlərin uzunmüddətli və dayanıqlı xarakter alması üçün qarşıda mühüm siyasi mərhələlər qalır. 2025-ci il avqustun 8-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri sülh sazişinin razılaşdırılmış mətnini paraflayıb, sənədin imzalanması və ratifikasiyası üçün növbəti addımların atılmasının vacibliyi vurğulanıb. 2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyev də sülhün hələ kövrək olduğunu, onun qorunub möhkəmləndirilməsinin vacibliyini bildirib. Bu açıqlama regionda sabitliyin davamlılığının, tərəflər arasında etimadın möhkəmləndirilməsinin və əldə olunmuş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini bir daha önə çıxarır.
Milli Məclisin deputatı Jalə Əliyeva Crossmedia.az açıqlamasında Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə səsləndirdiyi “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” fikrinin Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Deputatın sözlərinə görə, hərbi qarşıdurmanın başa çatması sülhün avtomatik olaraq dayanıqlı xarakter alması demək deyil: “Davamlı sülh üçün siyasi iradə, hüquqi təminatlar, qarşılıqlı etimad və konkret praktiki addımlar lazımdır. Əsas məqsəd əldə olunmuş razılaşmaları formal sənəd səviyyəsindən real siyasi-hüquqi mexanizmə çevirməkdir”.
Deputat sülh prosesinin hüquqi baxımdan tamamlanmasının vacibliyini vurğulayıb: “2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətnini paraflayıblar. Növbəti mərhələdə razılaşmaların tam hüquqi qüvvə qazanması və tərəflərin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir”.
Jalə Əliyeva Ermənistanın konstitusion-hüquqi məsələlərinin də sülh gündəliyində mühüm yer tutduğunu bildirib: “Azərbaycanın mövqeyinə görə, Ermənistan öz qanunvericiliyində, xüsusilə konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaları aradan qaldırmalıdır. Bu məsələ sülh sazişinin imzalanması ilə bağlı Azərbaycanın irəli sürdüyü prinsipial şərtlərdən biridir”.
O, dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesinin davam etdirilməsinin də əhəmiyyətinə diqqət çəkib: “Sülhün davamlı olması üçün iki ölkə arasındakı dövlət sərhədinin hüquqi və praktiki baxımdan dəqiqləşdirilməsi vacibdir. Sərhədlərin delimitasiyası və demarkasiyası qarşılıqlı münasibətlərdə müəyyənliyin yaranmasına, mümkün mübahisələrin qarşısının alınmasına xidmət edir”.
Deputatın fikrincə, qarşılıqlı etimadın möhkəmlənməsi siyasi bəyanatlarla yanaşı, konkret addımlardan da asılıdır:“Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi, revanşist ritorikadan uzaqlaşması və iki ölkə arasında düşmənçilik mühitinin aradan qaldırılmasına yönəlmiş addımlar atması mühüm əhəmiyyət daşıyır. Etimad real davranış və öhdəliklərin icrası ilə formalaşır”.
Jalə Əliyeva regional kommunikasiyaların açılmasının sülhün iqtisadi dayaqlarını gücləndirə biləcəyini də vurğulayıb: “Nəqliyyat, kommunikasiya, iqtisadiyyat, ticarət və humanitar əlaqələrin inkişafı sülhün sosial və iqtisadi əsaslarını möhkəmləndirə bilər. Zəngəzur istiqamətində kommunikasiyaların açılması yalnız Azərbaycanın Naxçıvanla bağlantısı baxımından deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi inkişafı, regional ticarət və beynəlxalq tranzit imkanlarının genişlənməsi baxımından da əhəmiyyətlidir”.
O, humanitar məsələlərin həllinin də sülh prosesinin mühüm hissəsi olduğunu bildirib: “İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, mina təhlükəsinin aradan qaldırılması və qarşılıqlı etimad yaradan humanitar təşəbbüslər sülhün möhkəmlənməsinə töhfə verə bilər. Keçmiş münaqişənin ağır nəticələrinin aradan qaldırılması üçün bu məsələlərə xüsusi diqqət yetirilməlidir”.
Deputat regional təhlükəsizlik arxitekturasının formalaşdırılmasında suverenlik və ərazi bütövlüyü prinsiplərinin əsas götürülməli olduğunu bildirib: “Azərbaycanın yanaşması yalnız sülh sənədinin imzalanması ilə məhdudlaşmır. Məqsəd dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına, daxili işlərə qarışmamaq və mübahisələrin sülh yolu ilə həlli prinsiplərinə əsaslanan regional təhlükəsizlik sisteminin formalaşdırılmasıdır”.
Jalə Əliyeva sonda Azərbaycanın regionda davamlı sülhün təmin olunmasında maraqlı olduğunu vurğulayıb: “Prezident İlham Əliyevin kövrək sülhü qorumaq və möhkəmləndirmək çağırışı regionun gələcəyi üçün mühüm mesajdır. Sülh sazişinin imzalanması və ratifikasiyası, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması və humanitar məsələlərin həlli paralel şəkildə irəliləməlidir. Davamlı sülh yalnız qarşılıqlı öhdəliklərə hörmət, real siyasi iradə və əldə edilmiş razılaşmaların tam icrası əsasında mümkündür”.
Milli Məclisin deputatı Elnarə Akimova açıqlamasında Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışının Azərbaycanın tarixi təcrübəsini, siyasi iradəsini və beynəlxalq hüquqa münasibətini əks etdirdiyini bildirib: “Bəzən beynəlxalq tribunadan səslənən bir çıxış bütöv bir xalqın tarixi yaddaşını, siyasi iradəsini və gələcəyə baxışını ifadə edir. Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı da məhz belə məzmun daşıyırdı. Bu çıxışın əsas qayəsi sadə, lakin mühüm həqiqətə söykənirdi: beynəlxalq hüquq yalnız sənədlərdə qalan müddəalar toplusu olmamalı, bütün dövlətlərə eyni ölçü ilə tətbiq edilməlidir”.

Elnarə Akimova Azərbaycanın geosiyasi mövqeyinin və beynəlxalq əməkdaşlıq təşəbbüslərinin ölkənin regional əhəmiyyətini artırdığını vurğulayıb: “Azərbaycan coğrafi baxımdan Asiya ilə Avropanın qovuşuğunda yerləşir. Lakin ölkəmizin əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə ölçülmür. Şərqlə Qərb arasında nəqliyyat və enerji əlaqələrinin inkişafı, müxtəlif dövlətlərlə qurulan siyasi və iqtisadi münasibətlər Azərbaycanı Avrasiya məkanında mühüm birləşdirici mərkəzə çevirir. Bu mövqe ölkəmizin xarici siyasətinə də xüsusi məsuliyyət qazandırır”.
Deputatın fikrincə, Azərbaycanın işğal dövründə üzləşdiyi problemlər beynəlxalq hüququn tətbiqində ikili standartların yaratdığı fəsadları göstərir: “Azərbaycan müstəqilliyini bərpa etdiyi 35 il ərzində ikili standartların ağır nəticələri ilə üzləşib. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistanın işğalı altında qalıb, bir milyona yaxın azərbaycanlı öz doğma yurdlarından didərgin salınıb. Bu hadisələr yalnız ərazi münaqişəsi deyil, insanların fundamental hüquqlarının pozulması, evindən, torpağından və normal həyat şəraitindən məhrum edilməsi idi”.
O, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasını və ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsiz qalmasını da xatırladıb: “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etsə də, həmin sənədlərin icrası təmin edilmədi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti də nəticə vermədi. Diplomatik danışıqlar uzandıqca işğalın yaratdığı reallıqlar möhkəmlənir, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təxirə salınırdı”.
Elnarə Akimova 2020-ci il Vətən müharibəsini Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ kimi xarakterizə edib: “Azərbaycan illərlə münaqişənin danışıqlar yolu ilə həllinə çalışdı. Lakin işğalın davam etməsi, hərbi təxribatlar və Ermənistan rəhbərliyinin revanşist bəyanatları sülh imkanlarını zəiflətdi. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi gücə müraciət etməyə məcbur qaldı”.
Deputat 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsinə də toxunub: “Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda separatizmin hərbi dayaqlarına son qoyuldu. Bir sutkadan da az davam edən əməliyyatlar Azərbaycanın bütün ərazisində suverenliyinin bərpası ilə nəticələndi. Bununla dövlətimizin konstitusion quruluşu və ərazi bütövlüyü tam təmin olundu”.
O, Azərbaycanın qələbədən sonra sülhə üstünlük verməsini də xüsusi vurğulayıb: “Azərbaycan işğala son qoydu, lakin müharibədən sonrakı davranışında məğlub tərəfə qarşı qisasçılıq siyasəti yürütmədi. Xalqımız ona yaşadılan faciələrə, dağıdılmış şəhər və kəndlərə, çəkilən əzablara baxmayaraq, qarşı tərəfin səviyyəsinə enmədi və sülh təklif etdi. Qələbənin böyüklüyü yalnız döyüş meydanında əldə edilən nəticələrlə deyil, həmin qələbədən sonra nümayiş etdirilən siyasi məsuliyyətlə də ölçülür”.
Elnarə Akimova müharibə cinayətlərinə görə məsuliyyət məsələsinin hüquqi müstəvidə həllinin vacibliyinə də diqqət çəkib: “Dövlətin suveren ərazisində törədilmiş cinayətlərə hüquqi qiymət verilməsi beynəlxalq hüququn əsas prinsipləri ilə bağlı məsələdir. Müharibənin nəticələri təkcə hərbi və siyasi müstəvidə deyil, hüquqi müstəvidə də öz əksini tapmalıdır. Eyni zamanda, hər bir məhkəmə prosesi qanunun tələblərinə, sübutlara və ədalətli məhkəmə prinsiplərinə uyğun aparılmalıdır”.
Deputatın qənaətinə görə, beynəlxalq qərarların icrasını təmin edən təsirli mexanizmlərin yaradılması qlobal təhlükəsizlik sisteminin möhkəmlənməsi üçün vacibdir: “Əgər təcavüzkar dövlət beynəlxalq qərarları yerinə yetirmədikdə real nəticələrlə üzləşmirsə, hüququn nüfuzu zəifləyir. Əgər bir ölkənin ərazi bütövlüyü pozulanda beynəlxalq təşkilatlar yalnız bəyanatlarla kifayətlənirsə, digər dövlətlər də oxşar addımlar atmağa həvəslənə bilər. Sülhün qorunması üçün təkcə diplomatik çağırışlar deyil, hüquqi öhdəliklərin icrasını təmin edən ardıcıl və ədalətli mexanizmlər də lazımdır”.
AQEM-in 7-ci Zirvə Görüşünün Azərbaycanın beynəlxalq əməkdaşlıq təşəbbüsləri baxımından əhəmiyyətinə toxunan deputat ölkəmizin təşkilata sədrliyi dövründə müxtəlif istiqamətlərdə həyata keçirilən fəaliyyətləri qeyd edib: “Azərbaycan təşkilata iki il ərzində sədrlik etdiyi müddətdə nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığın inkişafına diqqət yetirib. Bu fəaliyyət Azərbaycanın beynəlxalq platformalarda yalnız öz milli maraqlarını müdafiə etmədiyini, eyni zamanda, ortaq problemlərin həlli və əməkdaşlığın inkişafı üçün də təşəbbüslər irəli sürdüyünü göstərir”.
Elnarə Akimova sonda Azərbaycanın əsas məqsədinin əldə etdiyi nəticələri sülh və regional əməkdaşlıqla möhkəmləndirmək olduğunu vurğulayıb: “Azərbaycan öz haqqını bərpa etmək üçün uzun illər gözlədi, diplomatik yolları sınadı, nəhayət, hərbi gücü ilə ərazi bütövlüyünü təmin etdi. İndi isə əldə etdiyi qələbəni sülh, bərpa və regional əməkdaşlıqla möhkəmləndirməyə çalışır. Həqiqi sülhün yolu suverenliyə hörmətdən, məsuliyyətdən və qarşılıqlı etimaddan keçir”.
Nigar Xəlilli
14:00 17.10.2026
Oxunuş sayı: 61