Tramp Kremlin müttəfiqi kimi davranır - Politoloq
Vaşinqtonla Kiyev arasındakı gərginlik və Amerika Birləşmiş ŞtatlarınınUkraynaya hərbi-siyasi dəstəyi dayandırması Rusiya-Ukrayna cəbhəsində güç nisbətini köklü şəkildə dəyişməkdədir. Donald Tramp administrasiyasının Kremlin şərtlərini dəstəkləyən bəyanatları, Ukrayna rəhbərliyinə göstərilən ağır təzyiqlər və yardımların dondurulması Ukrayna ordusunun hərbi əməliyyatlarının effektivliyinə kəskin mənfi təsir göstərməyə başlayıb. Bütün bunlarla yanaşı, beynəlxalq analitiklər hesab edirlər ki, Ukrayna müharibəsinin gələcək taleyi və Moskvanın şərtlərini diktə etmək imkanı birbaşa ABŞ-də keçiriləcək aralıq parlament seçkilərinin nəticələrindən asılı olacaq.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiya- Ukrayna savaşının inkişaf istiqamətlərinə Rusiya prezidentinin mövqeyi müəyyən təsir göstərsə də, həlledici amil Vaşinqtonun yanaşmasıdır:

"Təbii ki, prezident Vladimir Putinin mövqeyinin Rusiya-Ukrayna müharibəsinin inkişaf istiqamətlərinə müəyyən təsirləri mövcuddur. Ancaq bu təsirlər həlledici xarakter daşımır. Müharibənin gedişatına təsir göstərən əsas mövqe məhz Amerika Birləşmiş Ştatlarının yanaşma tərzidir. Tramp administrasiyası hazırda Kremllə ortaq fəaliyyət göstərir. Yəni Amerika Birləşmiş Ştatları məhz Rusiyanın müttəfiqi kimi davranır və Ukraynaya qarşı mövqe tutur. Trampın Putinlə yaxınlaşması Ukraynanın gələcək taleyini böyük təhlükə qarşısında qoyur və son vaxtlar Amerika Birləşmiş Ştatlarının Ukraynaya dəstəyi dayandırması Ukrayna ordusunun hərbi əməliyyatlarının effektivliyinə də ciddi təsirlər göstərməyə başlayıb”.
Politoloq xüsusi vurğulayıb ki, Moskva öz hədəflərini Vaşinqton vasitəsilə bütöv Kollektiv Qərbə diktə etməyə çalışır, lakin bu ssenari aralıq seçkilərində dəyişə bilər:
"Əsas məsələ ondan ibarətdir ki, Kreml öz mövqeyini məhz Amerika Birləşmiş Ştatlarının, daha dəqiq desək, Trampın vasitəsilə reallaşdırmağa çalışır. Rusiya ilə Amerika Birləşmiş Ştatları arasındakı gizli anlaşmadan sonra belə anlaşılır ki, Rusiya özünün şərtlərini və hədəflərini məhz Tramp vasitəsilə həm Ukraynaya, həm də Ukraynanı dəstəkləyən kollektiv Qərbə diktə etməyə çalışır.
Bunun hansı səviyyədə nəticə verəcəyi isə böyük ehtimalla yaxın vaxtlarda aydınlaşmağa başlayacaq. Əgər Tramp aralıq seçkilərində qalib gələrsə və indiki mövqeyini də davam etdirərsə, o zaman Ukrayna üçün fəlakətli bir dövrün başlanğıcı qaçılmaz ola bilər. Ancaq Tramp və onun bağlı olduğu siyasi qüvvələr — yəni respublikaçılar aralıq seçkilərini uduzarlarsa, o zaman Tramp “topal ördək” vəziyyətinə düşmə təhlükəsi ilə üzləşəcək. Həmçinin Rusiya ilə indiki münasibətləri eynilə qoruyub saxlamaq imkanlarını itirəcək. Və Ukraynaya qarşı da indiki ağır təzyiqləri göstərmək şansına malik olmayacaq”.
Zeynəb Həsən
18:00 17.10.2026
Oxunuş sayı: 70